Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2019 15:40
  • A-
  • A
  • A+

AMEA magistrlərinin Məzun günü keçirilib

AMEA magistrlərinin Məzun günü keçirilib

İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyası magistrlərinin Məzun günü keçirilib. Tədbirdə AMEA rəhbərliyi, respublikanın aparıcı təhsil müəssisələrinin rektorları və digər dövlət qurumlarından nümayəndələr iştirak ediblər.

Öncə AMEA-nın 2019-cu il məzunlarından Aysel Məmmədova və Gəray Əşirov qonaqları salamlayaraq tədbiri açıq elan ediblər. Məzunların təqdimatında Azərbaycanın dövlət himni səsləndirilib.

Giriş nitqi ilə çıxış edən məzunlar Azərbaycan Milli Elmlər Akademiyasında dörd illik tarixi olan magistratura təhsilinin sabahın alimlərinin, yüksəkixtisaslı kadrların yetişdirilməsindəki rolundan bəhs ediblər. Bildiriblər ki, AMEA-nın elmi müəssisələrində aparılan elmi tədqiqat fəaliyyətinin tədris prosesinə nüfuz etməsi, qabaqcıl alimlərlə tələbələr arasında bilik və təcrübə mübadiləsinin aparılması sayəsində nəzəri biliklərin təcrübədə tətbiqi elmdə innovativ nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kürsüyə dəvət alan Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA magistraturasının yaranma tarixindən danışıb, akademiyada magistratura təhsilinin təsis edilməsi üçün AMEA rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olunan müraciəti xatırladıb. Yarandığı qısa müddətə baxmayaraq AMEA-nın magistraturasına maraq və tələbin getdikcə artdığını deyən Ə.Sadıqov statistikanı nəzərə çatdırıb: “2015-ci ildə AMEA-nın magistraturasına 19 tələbə qəbul edilib. 2016-cı ildə 9 ixtisas üzrə 56 tələbə, 2017-ci ildə 12 ixtisas üzrə 67 tələbə, ötən il 19 ixtisas üzrə 67 tələbə, bu il isə 43 ixtisas üzrə 121 tələbə magistraturaya daxil olub”. Akademik-katib bu gün AMEA-dan 12 ixtisas və 37 ixtisaslaşma üzrə 63 magistrin məzun olduğunu bildirib. Cari ildə tədris prosesinə 8 akademik, 23 müxbir üzv, 82 elmlər doktoru və 141 fəlsəfə doktorunun cəlb olunduğunu deyən Ə.Sadıqov 4 akademik, 6 müxbir üzv, 24 professor və 29 dosentin magistrantların tədqiqat işlərinə elmi rəhbərlik etdiyini vurğulayıb.

Ötən illər ərzində AMEA-nın magistratura pilləsi üzrə təhsil siyasətində yeniliklər və əldə olunan nailiyyətlər, Akademiyanın magistratura fəaliyyətinin üstün cəhətləri barədə məlumat verən Ə.Sadıqov baza kafedralarının, eləcə də AMEA-nın müasir elmi-tədqiqat laboratoriyaları, tədris auditoriyaları, zəngin elmi kitabxanası, təcrübə və istehsalat sahələrinin magistrantlara öz təhsillərini və elmi-tədqiqatlarını yüksək səviyyədə başa vurmaları üçün geniş imkanlar açdığını deyib. AMEA-nın maddi-texniki tədris bazasının daha da təkmilləşdirildiyini söyləyən akademik-katib tədris prosesinin operativliyini və effektivliyini təmin etmək məqsədilə atılan addımlardan danışıb.

Natiq AMEA-nın magistraturasını bitirən və təhsil aldığı müddətdə bilik və bacarığına görə fərqlənən tələbələrin məzun olduqdan sonra AMEA-da əmək fəaliyyətlərini davam etdirdiklərini söyləyib: “Hazırda AMEA-dan məzun olmuş 75 nəfərdən 51-i AMEA-nın əməkdaşıdır. Əmək fəaliyyəti ilə yanaşı yüksək səviyyədə öz təhsillərini alan məzunların 6-sı xaricdə olmaqla, 44 nəfəri doktorantura səviyyəsində uğurla davam edirir. Bu da Azərbaycanda  elmin varisliyinin qorunması baxımından olduqca vacibdir”.

Fizika İnstitutunun Bərk cisimlər fizikası ixtisası üzrə magistri Səidə Nuriyeva Akademiyada aldığı təhsillə bağlı təəssüratlarını bölüşüb: ”AMEA bizə görkəmli alimlərimizlə, elmimizi dünyaya tanıdan məhşur elm xadimləri ilə ünsiyyətdə olmağa, onların dəyərli məsləhətlərini alaraq gələcəyə inamla addımlamağımıza, ixtisasımızın dərinliklərini öyrənməyə əlverişli zəmin yaratdı. Akademiyada biz, tədqiqat işlərimizi həyata keçirmək üçün lazımi cihazlarla təchiz olunmuş laboratoriyalarda rahatlıqla işləmək imkanı əldə etdik. Bu isə Azərbaycan Milli Elmlər Akademiyasındakı magistr təhsilinin digər universitetlərdəki magistr təhsilindən fərqləndiyini göstərən başlıca səbəbdir”.

Daha sonra akademiyanın magistr məzunu, gənc geoloq Sadiq Yusifov görkəmli alimlərdən dərs alaraq laboratoriya, çöl tədqiqatlarında birgə işləməyi, bu yolda uğurla addımlamağın sirlərini öyrəndiyini dilə gətirib: “Akademiya bizə ixtisasımızla bağlı bilik və bacarıqlarımızı genişləndirməklə yanaşı, müxtəlif beynəlxalq konfrans, olimpiada, müsabiqə və ictimai tədbirlərdə iştirakımız üçün şərait yaratdı. Keçirilən tədbirlərdə çıxış edib müstəqil fikir yürütməyi öyrətdi. Azərbaycan elminin ən məhşur simaları ilə birgə həmin tədbirlərdə iştirakımız bizim üçün qürurverici idi. Bu tədbirlərdə iştirakımızın təmini isə akademiyanın prezidenti, akademik Akif Əlizadənin biz gənclərə olan etibarı və diqqətinin nəticəsi idi”.

Tədbirdə nanomateriallar kimyası üzrə məzun Rüfət Əsədzadə çıxış edərək ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasından məzun olmağından və böyük alimlərin əhatəsində olub onlardan dərs almaqdan qürur duyduğunu deyib. R.Əsədzadə nanokimya ixtisasının son dövrün aktual elm sahəsi olduğunu söyləyib: “Bu istiqamət son dövrün ən önəmli tədqiqat sahələrindən biridir. Bu il 90 yaşı tamam olan Neft-Kimya Prosesləri İnstitutunda lazımi bilikləri əldə etmək, çalışmaq böyük şərəf idi. Biz müasir dünyanın çağırışlarına cavab verən alimlərdən olmaq istəyiriksə, təhsilimizdə modernləşmə sabaha hesablanmalıdır. Biz elmi gənclik ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə aparılan işləri öz elmi nailiyyətlərimiz ilə dəstəkləməliyik”.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Mirbaba BabayevNeft-kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov institutlarda magistrlərin keyfiyyətli təhsil alması üçün yaradılan imkanlardan söz açıblar.

Tədbirin sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistrləri təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib, bu günün Azərbaycan elm tarixində bayram olduğunu deyib. Bu uğurların dövlətin diqqət və qayğısı nəticəsində əldə olunduğunu vurğulayan akademik Akif Əlizadə akademiyada magistratura təhsilinin başladılması ilə güclü elmi potensialın toplandığını, gənc alimlərin səsinin dünyanın müxtəlif ölkələrindən gəlməsi ilə elmimizin dünyaya çıxışının təmin olunduğunu qeyd edib.

Sonda məzunlara diplomlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: