AMEA-nın Gəncə Bölməsində şahmat üzrə Əməkdar məşqçi Salman Cavadzadənin “Bir şahmatçının memuarı” kitabının təqdimatı keçirilib.
Tədbirdə bölmənin sədri, akademik Fuad Əliyev çıxış edərək kitabın şahmat tariximizin zənginləşməsinə və daha dərindən öyrənilməsinə dəyərli töhfə olduğunu bildirib. Qeyd edib ki, nəşrdə dərin düşünmə və təhliletmə qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən şahmat oyununun zəngin yaradıcı məzmunu, şahmat strategiyasının qurulması, şahmatın böyük tərbiyəvi əhəmiyyəti haqqında məlumat verilir.
“Kitabda bildirilir ki, ölkəmizdə şahmatın tarixi çox qədimdir. Hələ XI-XII əsrlərdə yaşamış böyük Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvi dərin zəkaya əsaslanan bu möcüzəli oyun haqqında qiymətli fikirlər söyləmişlər. Gözəl rübailər müəllifi M.Gəncəvi üçün şahmat fəlsəfə idi və o, hesab edirdi ki, şahmat onu Allaha qovuşduran vasitələrdən biridir.” – deyə F.Əliyev əlavə edib.
Bölmə sədri ictimaiyyətə təqdim edilən yeni nəşrin bu sirli oyuna maraq göstərənlər üçün qiymətli metodik vasitə olduğunu söyləyib.
Tədbirdə digər çıxış edənlər kitabda şahmatı sərbəst şəkildə öyrənənlər üçün nəzərdə tutulan nəzəri və praktik biliklərin sistemli şəkildə izahı, fiqurların dəyəri, şahmat oyununun elementləri, bir sıra dünya çempionlarının oyun nümunələrinin yer aldığını söyləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.