Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.05.2024 15:20
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Qubada “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzi”nin açılışında iştirak edib

Akademik İsa Həbibbəyli Qubada “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzi”nin açılışında iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzi”nin açılışına həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan əvvəl filialın direktoru dosent Yusif Alıyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

Sonra filialda “Azərbaycan mütəfəkkirləri” barelyefinin açılışı olub və ardınca  “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzi”nə baxış keçirilib.

Rəsmi və bədii hissələrdən ibarət olan konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Quba RİH başçısının müavini Səidə Abasova, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru professor Abdulqappor Qırğızbayev, azərbaycanlı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, ADPU-dan və Türkiyə universitetlərindən gəlmiş ziyalılar, Quba rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, filialın professor-müəllim və tələbə heyəti iştirak edib.

Açılış nitqlərindən sonra filialın elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş bir qrup əməkdaşa “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Daha sonra Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xalq artisti Gülyanaq Məmmədovanın iştirakı və ADPU-nun Quba filialının və Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Quba Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə hazırlanmış bədii hissə təqdim edilib.

Konfransdan sonra qonaqlar ADPU-nun Quba filialının tələbələrilə görüşüb, dərs prosesini izləyib, müəssisə ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: