Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Ülvi gəncliyin sirləri” kitabının təqdimatı keçirilib.
Tədbiri Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açaraq yeni nəşrin gənc şəhid şair Ülvi Bünyadzadənin 50 illik yubileyinə həsr olunduğunu bildirib.
Sonra çıxış edən Könül Bünyadzadə kitabın əsas ideyasının insan həyatının gənclik mərhələsinin hikmətini şərh etməkdən ibarət olduğunu deyib. Qeyd edib ki, gənclik dövründə insan öz ruhunun və bədəninin imkanlarını öyrənir, ilahi aləmlə əlaqələrini dərk edir və bunun əsasında özünün taleyüklü seçimini edir: “Gənclik insan abidəsinin postamentinin qurulmasıdır. Gələcək insanın kimliyi, şəxsiyyəti bu postamentdən bilavasitə asılıdır”.
Alim bildirib ki, əsərdə gənc yaşlarında tarixdə iz qoya bilmiş peyğəmbərlərin, sərkərdələrin, tarixi şəxsiyyətlərin, şairlərin, mifik qəhrəmanların həyat və fəaliyyəti əsasında gəncliyin əhəmiyyətli xüsusiyyətinin fəlsəfi şərhi verilib. O, tədqiqatın zaman, din və reallıq istiqamətləri üzrə aparıldığını diqqətə çatdırıb. K.Bünyadzadənin sözlərinə görə, kitabda Azərbaycanda kifayət qədər məlum olan və tədqiq edilən dini, tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Yeremiya peyğəmbər, Fateh Sultan Məhməd, uyğur şairi Lütfullah Mütəllib və bir neçə başqa şəxsiyyət də araşdırılıb.
Mərasimdə, həmçinin Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, nəşrin redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova və digərləri çıxış edərək kitabın gənclərin tərbiyəsində və özlərini aydın ifadə etmələrində mühüm rol oynayacağını bildiriblər.
Daha sonra K.Bünyadzadə tələbələrin suallarını cavablandırıb, imzalı kitablarını hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.