Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun və Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının birgə məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb.
Heterotsiklik monomerlər laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova, laboratoriyanın əməkdaşıları – aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Aynur Qarayeva, elmi işçilər Gülnur Məmmədova və Şəhla Şeydayeva, həmçinin Sumqayıt Dövlət Universitetinin Kimya kafedrasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Musa Mustafayevin həmmüəllifi olduqları məqalə Web of Science, Scopus, Chemical Abstracts və digər nüfuzlu beynəlxalq elmi bazalarda indekslənən Journal Citation Reports (JCR) üzrə “Chemistry, Multidisciplinary” kateqoriyasında Q4 kvartilinə daxil olan “Russian Journal of General Chemistry” jurnalında dərc edilib (Russ. J. Gen. Chem., 27 iyul 2026, https://link.springer.com/article/10.1134/S1070363226600955 ).
“Synthesis and Study of New N-Substituted Pyrazolines with 2,5-Dimethylfuryl and p-Halophenyl Fragments” (2,5-dimetilfuril və p-halofenil tərkibi ilə yeni N-əvəzli pirazolinlərin sintezi və tədqiqi) adlı məqalədə 3-asetil-2,5-dimetilfuran əsasında yeni funksional əvəzli xalkon və N-əvəzli pirazolin törəmələrinin yüksək çıxımla sintezi araşdırılıb. Sintez olunan birləşmələrin quruluşu müasir fiziki-kimyəvi analiz üsulları ilə təsdiq edilib, onların gələcək tədqiqatlar və müxtəlif heterotsiklik sistemlərin məqsədyönlü sintezi üçün perspektivli başlanğıc maddələr olduğu göstərilib. Tədqiqatın nəticələri yeni funksional əvəzli heterotsiklik birləşmələrin sintezi sahəsində mühüm elmi əhəmiyyət kəsb edir və zərif üzvi sintez istiqamətində aparılan gələcək araşdırmalar üçün elmi əsas yaradır.
Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal Springer Nature nəşriyyat platformasında yayımlanır, Web of Science™, Scopus və Chemical Abstracts beynəlxalq elmi bazalarında indekslənir və 2025-ci il üzrə impakt faktor göstəricisi 1.0, Scopus CiteScore göstəricisi isə 1.6 təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.