Bu gün Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçirilib. Yığıncaqda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, AMEA-nın həqiqi və müxbir üzvləri, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə akademik Akif Əlizadə açaraq AMEA-nın prezidenti kimi fəaliyyətdə olduğu 6 il ərzində bu elm ocağında həyata keçirilən tədbirlərə, əldə olunan nailiyyətlərə və prioritet istiqamətlərdə aparılan tədqiqatlara dair hesabat xarakterli çıxış edib. Alim bildirib ki, son illərdə AMEA-da elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi nailiyyətlərin ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb.
Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, AMEA-da magistratura təhsilinin təşkili, Yüksək Texnologiyalar Parkının yaradılması, azərbaycanlı alimlərin nüfuzlu beynəlxalq jurnallarda çoxsaylı məqalələrinin nəşr olunması son illərdə akademiyada əldə olunan əsas nailiyyətlərdəndir.
60 ildən çoxdur ki, bu elm ocağında yorulmadan fəaliyyət göstərdiyini deyən A.Əlizadə həm ulu öndər Heydər Əliyev, həm də dövlət başçısı İlham Əliyev tərəfindən bütün dövrlərdə elmin inkişafı naminə verilən tapşırıqların icrasında fəal iştirak etdiyini, ciddi elmi uğurların əldə edilməsinə töhfələr verdiyini, azərbaycançılıq mövqeyinə hər zaman sadiq qaldığını vurğulayıb.
Akademiyanın elmi əlaqələrindən danışan alim bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin beynəlxalq əlaqələrin genişlənməsinə, eləcə də mühüm elmi nailiyyətlərin əldə olunmasına təkan verdiyini qeyd edib.
A.Əlizadə səhhəti ilə əlaqədar olaraq dövlət başçısına istefa ərizəsi ünvanladığını vurğulayaraq AMEA-ya rəhbərlik etdiyi dövrdə ona etimad göstərdiyinə görə ölkə rəhbərinə təşəkkürünü bildirib.
Sonra A.Əlizadə akademik Ramiz Mehdiyevin AMEA-nın prezidentliyinə namizədliyini irəli sürüb.
Tədbirdə akademiklər Yaqub Mahmudov, İsa Həbibbəyli, Urxan Ələkbərov, Nailə Vəlixanlı, Telman Əliyev və Adil Qəribov çıxış edərək R.Mehdiyevin namizədliyini dəstəkləyiblər. Alimin uzun illərdir ki, çoxşaxəli və çoxcəhətli fəaliyyəti ilə elmimizə dəyərli töhfələr verdiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərdiyini vurğulayıblar.
Sonra AMEA-nın prezidenti vəzifəsinə səsvermənin keçirilməsi üçün Hesablayıcı Komissiya yaradılıb. Akademik Urxan Ələkbərov komissiyanın sədri, akademiklər Vaqif Fərzəliyev, Möhsün Nağısoylu, Nailə Vəlixanlı və Əkpər Feyzullayev isə üzvləri təyin olunublar.
Daha sonra gizli səsvermə keçirilib. Səsvermədə AMEA-nın 55 həqiqi üzvü iştirak edir.
Səsvermənin nəticələrinə əsasən alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev yekdilliklə AMEA-nın prezidenti seçilib.
Qeyd edək ki, akademiyanın tarixində ilk dəfədir ki, prezident humanitar-ictimai elmlər sahəsindən seçilir.
Tədbirdə AMEA-nın yeni prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, gündən-günə inkişaf edən Azərbaycan elmi qarşısında bundan sonra da ciddi vəzifələrin dayandığını deyərək, elmin inkişafı yolunda şərəf və fəxarət hissi ilə fəaliyyət göstərəcəyini vurğulayıb. R.Mehdiyev AMEA alimlərini öz fəaliyyətlərində daha işgüzar və məsuliyyətlə çalışmağa, öhdələrinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə səsləyib. Akademik Ramiz Mehdiyev seçkidə iştirak edən AMEA-nın həqiqi üzvlərinə təşəkkürünü bildirib.
Sonda akademik Akif Əlizadə çıxış edərək akademik R.Mehdiyevin Azərbaycan elminin yüksələn xətlə inkişafı, beynəlxalq aləmə inteqrasiyası, eləcə də dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması istiqamətində çoxillik təcrübə və imkanlarını səfərbər edəcəyinə əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.