Riyaziyyat və Mexanika İnstitutunun akt zalında AMEA-nın Professorlarının Koordinasiya Şurasının yeni tərkibdə iclası keçirilib.
İclası şuranın sədri, AMEA-nın professoru Rövşən Bəndəliyev açaraq yeni seçilən professorları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra şuranın elmi katibi, AMEA-nın professoru İlqar Məmmədov iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
İclasda ölkənin davamlı iqtisadi inkişafı üçün AMEA-nın professorlarının elmi potensialından istifadə olunması, elmtutumlu sənaye obyektlərinə səfərlərin təşkili, o cümlədən AMEA Yüksək Texnologiyalar Parkına elmi dəstəyin verilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Daha sonra AMEA-nın yeni seçilən professorları - İbrahim Məmmədov, Qənirə Paşayeva, Kənan Yusifzadə, Səhər Orucova, Fuad Qənbərov və Rəvan Rəhimov çıxış edərək multidissiplinar sahələr üzrə tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə, həmçinin şuranın daxilində işçi qruplarının yaradılması məsələsi təklif olunub. Elmin ictimaiyyətdə populyarlaşdırılması, Azərbaycanın müxtəlif regionlarında təbliğat və təşviqat işinin gücləndirilməsi məqsədilə bu qrupların təşkilinin zəruriliyi qeyd edilib.
Sonda qərar səsə qoyularaq yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.