Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında AR Prezidentinin Sərəncamı
04.12.2019 17:01
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında AR Prezidentinin Sərəncamı

2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. 

Milli Azərbaycan Tarixi Muzeyi mühüm mədəni-maarif və elmi tədqiqat mərkəzi kimi yarandığı vaxtdan etibarən uğurlu inkişaf yolu keçmişdir. Respublikanın bu ilk ən böyük muzeyinin Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədərki tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələrinin toplanılması, qorunması, nəşri, ekspozisiya və sərgilərdə nümayişi sahəsində diqqətəlayiq xidmətləri vardır. Bakının memarlıq baxımından qiymətli tikililərindən sayılan binada yerləşmiş Muzeyin tarixi-mədəni irsimizin misilsiz yadigarlarının mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç yüz mindən artıq eksponat saxlanılır. Muzey əməkdaşları tarix, muzeyşünaslıq və numizmatika istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı tədqiq etmişlər. Muzey çoxşaxəli fəaliyyətini bu gün də tarix elminin yeni nailiyyətləri və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunmuş prinsipləri zəminində müvəffəqiyyətlə davam etdirir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni nailiyyətlərinin təbliğinə, həmçinin ölkədə tarix elminin inkişafına layiqli töhfələrini nəzərə alaraq Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2019-cu il.

  • Paylaş: