Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan elmi diasporunun təməli qoyulub.
Ölkəmizin Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutan yığıncaqda Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar iştirak ediblər.
İclası ADFA-nın prezidenti, Dr. Günel Səfərova açıb, AR Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun elektron portallardan istifadə etməklə birgə layihələrin hazırlanması qaydalarından danışıb.
Sonra çıxış edən ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev elmi diasporun yaradılmasının vacibliyini vurğulayıb. O, gənclərə elmi diasporanın təşkilatlanması ilə bağlı təklif və tövsiyələrini bildirib. R.Mustafayev Fransanın ali təhsil müəssisələrinin kitabxanalarında Azərbaycanla bağlı nəşrlərin genişləndirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu söyləyib.
Daha sonra Fransada elmi diasporun strukturu, vəzifələri, öhdəlikləri, nizamnaməsi, fəaliyyət strategiyası ilə bağlı fikir mübadiləsi aparıb, təkliflər səsləndirilib. Gənclər elmi diasporanın yaradılmasını yekdilliklə dəstəkləyib, bu sahədə Assosiasiya yaratmaq, elektron elmi jurnalın hazırlanması zərurətinə dair fikirlərini bildiriblər.
Tədbirdə, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan “Azərbaycan alimləri diasporu” informasiya sistemi və Fransadakı azərbaycanlı tələbə təşkilatları barədə məlumat verilib.
Sonda fəaliyyət planının müəyyənləşdirilməsi üçün görüşlərin davamlı keçirilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.