Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2019 13:51
  • A-
  • A
  • A+

AMEA-nın Ümumi yığıncağı keçirilib

AMEA-nın Ümumi yığıncağı keçirilib

Dekabrın 28-də AMEA Rəyasət Heyətinin binasında akademiyanın Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın rəhbərliyi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının  iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, AMEA-nın həqiqi və müxbir üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Akademik R.Mehdiyev müasir şəraitdə hər bir dövlətin gələcəyinin, iqtisadi, siyasi və hərbi qüdrətinin onun elmi potensialı ilə bilavasitə bağlı olduğunu vurğulayıb. Bildirib ki, müasir dünyada mövcud qlobal iqtisadi problemlər, eləcə də ölkənin davamlı inkişaf strategiyası Azərbaycanın da intellektual əsaslar üzərində inkişafını zərurətə çevirmişdir. Hazırda elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir.

Bu gün AMEA-nın qarşısında tamamilə yeni vəzifələrin dayandığını söyləyən akademik Ramiz Mehdiyev bu vəzifələrin dünya elminin inkişaf meyllərindən, eləcə də ölkənin strateji inkişaf istiqamətlərindən irəli gəldiyini diqqətə çatdırıb. Qeyd edib ki, uzun illər ərzində əldə edilən müəyyən nailiyyətlərə baxmayaraq, Akademiyanın fəaliyyətində bir sıra çatışmazlıqlar vardır ki, onların aradan qaldırılması yönündə ciddi tədbirlər həyata keçirilməlidir: “Akademiya mühüm dövlət proqramlarının icrasında yaxından iştirak etməli, elmi-texniki layihələrin əsas eksperti funksiyasını həyata keçirməlidir”.

Alimlərin beynəlxalq, o cümlədən dövlətin reallaşdırdığı milli və regional elmi layihələrdə iştirakının lazımi səviyyədə olmadığını deyən AMEA rəhbəri bu sahədə ciddi dönüş yaratmağın zəruriliyini qeyd edib. Akademik R.Mehdiyev vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülməlidir. Mövcud nöqsanların aradan qaldırılması üçün Akademiyanın strukturu tamamilə yenilənməli, onun inkişaf hədəfləri, dövlət siyasətinin həyata keçirilməsində iştirakı mexanizmləri dəqiq müəyyənləşdirilməli və bu istiqamətdə əməli addımlar atılmalıdır.

Akademik Ramiz Mehdiyev ölkənin ziyalılarının, xüsusən də çoxminli Akademiya əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm siyasətinin uğurla həyata keçirilməsi üçün bundan sonra daha məsuliyyətlə və məqsədyönlü şəkildə çalışmağa səfərbər olduqlarını diqqətə çatdırıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın əsas müddəalarını iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, təqdim olunan proqram elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və s. məsələləri əhatə edir. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, sahibkarlıq və innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin əsaslarının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm müddəalardandır.

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov elmi prioritetlərin müəyyənləşdirilməsində dövlətin Akademiya qarşısında qoyduğu vəzifələrin əsas prinsip olaraq nəzərə alınması, struktur islahatlarında idarəetmənin ağırlıq mərkəzinin elmi müəssisələrə keçirilməsi, elmin maliyyələşdirilməsində əməyin indeksləşdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasında dünya təcrübəsinin tətbiqi kimi məsələlərə toxunub. O, proqram çərçivəsində 10 pilot layihənin həyata keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Ümumi yığıncaqda çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasif Babazadəİqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz MuradovFəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov proqramın məqsəd və vəzifələrini yüksək qiymətləndirərək, sənədin icrasının Akademiyanın inkişafına müsbət təsir edəcəyini bildiriblər.

Çıxışlarda keçilmiş yolun müsbət cəhətlərinin qeyd edilməsi ilə yanaşı, yol verilmiş nöqsan və çatışmazlıqlar, həlli vacib olan məsələlərdən bəhs edilib, qarşıda duran vəzifələr, həlli zəruri olan problemlərdən danışılıb, müvafiq təkliflər səsləndirilib. Elmi ictimaiyyət AMEA-nın inkişafında yeni mərhələnin başlandığını və bu prosesin ciddi islahatlarla bağlı olduğunu qeyd ediblər. Qeyd olunub ki, Akademiya öz fəaliyyətini müstəqil dövlətimizin daha da inkişaf etdirilməsinə doğru yenidən qurmalı, bu istiqamətdə öz vəzifələrini yerinə yetirməlidirlər.

"Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üzrə inkişaf proqramı" geniş müzakirələrdən sonra qəbul edilib.

Tədbirdə AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi haqqında məsələ də müzakirəyə çıxarılıb. Bu barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, AMEA-nın Nizamnaməsi Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənəddir. Bildirib ki, müstəqillik illərində AMEA-nın ilk Nizamnaməsi 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilmiş, daha sonra 2014-cü ildə əsaslı şəkildə yenidən işlənərək qəbul olunmuşdur. Bu sənəd müstəqillik illərində Akademiyanın inkişafında müstəsna rol oynamışdır.

Akademik İsa Həbibbəyli 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar, eləcə də Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsindən irəli gələrək Nizamnaməyə bir sıra dəyişikliklərin edilməsi zərurətinin yarandığını qeyd edib. Sonra akademik həmin dəyişiklikləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb: “Təklif olunan dəyişikliklər əsas etibarilə AMEA-nın strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məsələlərini əhatə edir. Burada Akademiyanın daha çevik və effektiv idarə edilməsi üçün yeni mexanizmlər, müasir tələblərə cavab verən hüquqi meyar və prinsiplər nəzərdə tutulur”.

Vitse-prezident qeyd edib ki, 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, 2017-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılması və Akademiyanın dünya elminə inteqrasiyasından doğan yeniləşmələr, həmçinin bu elm məbədinin fəaliyyətinin təkmilləşdirilməsi zərurətindən irəli gələn vəzifələr Nizamnaməyə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaratmışdır. Bildirib ki, təklif olunan dəyişikliklər əsas etibarilə AMEA-nın strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məsələlərini əhatə edir. Burada Akademiyanın daha çevik və effektiv idarə edilməsi üçün yeni mexanizmlər, müasir tələblərə cavab verən hüquqi meyar və prinsiplər nəzərdə tutulur.

İsa Həbibbəyli onu da əlavə edib ki, sənəddə sahibkarlıq və innovasiya fəaliyyəti ilə bağlı xüsusi maddələr yer alır ki, bu da elm sahəsində sahibkarlıqdan əldə olunan gəlirlərin təyinatı, Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və bu elmi qurumun inkişaf etdirilməsinə yönəldilməsi və s. kimi yeni istiqamətləri müəyyənləşdirir. 

Müzakirələrdən sonra AMEA-nın Nizamnaməsi edilmiş dəyişikliklərlə yeni redaksiyada qəbul olunub.

Daha sonra AMEA-nın Nizamnamə komissiyası ilə bağlı məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli yenidən komissiyasının sədri seçilib və komissiyanın akademiklər – İsmayıl HacıyevVaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, hüquq elmləri doktoru Nazim Cəfərli və filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəridən ibarət yeni tərkibi təsdiqlənib.

Sonda AMEA-nın birinci vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər üzrə, İbrahim Quliyev təbiət və dəqiq elmlər üzrə AMEA-nın birinci vitse-prezidenti vəzifələrinə seçiliblər.

Tədbirdə AMEA Rəyasət heyətinin tərkibi 11 nəfərdən ibarət olmaqla təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: