Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.01.2020 16:30
  • A-
  • A
  • A+

Akademik Bahadır Tağıyev son mənzilə yola salınıb

Akademik Bahadır Tağıyev son mənzilə yola salınıb

Yanvarın 7-də AMEA-nın Əsas binasında görkəmli alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilib.

Mərasimdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Fərəh Əliyeva, digər dövlət və hökumət rəsmiləri, ziyalılar və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev görkəmli alim Bahadır Tağıyevin mənalı ömür yolundan, uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına verdiyi böyük töhfələrdən danışıb. Bildirib ki, akademik B.Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. Onun rəhbərliyi altında çox önəmli elmi-tədqiqat işləri aparılıb. Alim fizika sahəsində elmi məktəb yaradıb, bütün mənalı ömrünü fizika elminin inkişafına həsr edib.

Sonra Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edərək Azərbaycan elminə dəyərli töhfələr vermiş Bahadır Tağıyevin alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. Bildirib ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan B.Tağıyev ölkəmizin ictimai-siyasi həyatında, elmi-pedaqoji mühitində fəallığı ilə seçilib. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə edib. 

C.Abdinov qeyd edib ki, görkəmli fizikin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər tətbiq edilib. O, beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edib. Alimin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirib.

Vurğulanıb ki, akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını alıb, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də Bahadır Tağıyevin elmi fəaliyyətinə nəzər salıb, onun xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşayacağını bildirib. Telman Əliyev qeyd edib ki, fizik alim 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifi olub. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilib.

Daha sonra Milli Aviasiya Akademiyasının (MAA) tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov çıxış edərək ömrünün böyük hissəsini MAA-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Bahadır Tağıyevin pedaqoq kimi xidmətlərindən danışıb, onun tələbələrin sevimlisinə çevrildiyini, gələcəyin fizikaçılarına daim qayğı ilə yanaşdığını bildirib. Universitetdə bir çox elmi tədqiqatların aparılmasında mühüm rol oynayan alimin ictimaiyyət arasında da böyük hörmətə sahib olduğunu deyən prorektor onun adının elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb.

Ə.Səmədov bildirib ki, 1996-cı ildən həyatını Milli Aviasiya Akademiyası ilə bağlayan B.Tağıyev elmlə təhsilin vəhdətini yaradıb, Azərbaycan elmində özünəməxsus iz qoyub. O, 1996–2009-cu illərdə universitetdə Fizika fakültəsinin professoru vəzifəsində işləyib, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və Fizika kafedrasının müdiri olub.

Mərhum akademikin ailə üzvləri adından oğlu professor Oqtay Tağıyev çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: