Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

07.02.2020 16:32
  • A-
  • A
  • A+

Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin də iştirak ediblər.

Akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq Azərbaycan və Rusiya arasında xüsusən müstəqillik illərində yaradılan və bu gün də uğurla davam etdirilən əməkdaşlıq münasibətlərindən danışıb. O, iki ölkə arasında elm sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

AMEA rəhbəri son aylarda Akademiyada aparılan quruculuq işləri və islahatlar, prioritet istiqamətlərdə həyata keçirilən tədqiqatlar, eləcə də perspektivdə nəzərdə tutulan işlərdən danışıb. Alim fundamental və tətbiqi elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də əlaqələrin genişləndirilməsinə, o cümlədən beynəlxalq elmi qurumlarla səmərəli əməkdaşlığın təşkilinə böyük önəm verildiyini vurğulayıb. Rusiya arxivlərində, xüsusilə Sankt-Peterburqda Azərbaycana aid çoxsaylı əlyazmaların, kitab və qəzetlərin mövcud olduğunu deyən AMEA-nın prezidenti bu yaxınlarda Azərbaycan alimlərinin həmin muzeylərə ezam olunacağına dair qərar verildiyini diqqətə çatdırıb.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanla Rusiya arasındakı dərin tarixi bağlılıqdan söz açıb, təmsil etdiyi ölkə tərəfindən ikitərəfli əlaqələrə böyük diqqət yetirildiyini vurğulayıb. 

Rusiya Elmlər Akademiyası, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyaslı tədqiqatlardan söz açan Mixail Şvıdkoy bir sıra elmi-tədqiqat müəssisələri və universitetlərin yeni elmi istiqamətləri barədə danışıb. Qarşılıqlı elmi əlaqələrin səmərəliliyinə diqqət yönəldən rəsmi qonaq Rusiyanın elmi-tədqiqat müəssisələrində, o cümlədən arxivlərdə azərbaycanlı alim və mütəxəssislər üçün hər cür şəraitin yaradılacağını diqqətə çatdırıb.

Azərbaycanla Rusiya arasında bir sıra müştərək elmi əməkdaşlıq məsələlərini müzakirə edən tərəflər iki ölkə arasında mövcud əlaqələrin genişləndirilərək yeni perspektiv tədqiqat və layihələrlə davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: