Bakı Dövlət Universitetinin (BDU) "Kimya" ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) istehsalat təcrübəsinə başlayıblar.
Birinci qrupda 27 tələbə fevralın 17-dən martın 13-dək institutun müxtəlif laboratoriyalarında istehsalat təcrübəsi keçəcək.
Əvvəlcə təcrübəçi tələbələr və onların rəhbərləri - BDU-nun müəllimi, kimya üzrə elmlər doktoru, professor İbrahim Məmmədov və kimya üzrə fəlsəfə doktoru Yeganə Məmmədova institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər.
Vaqif Abbasov tələbələri elm və təhsilin vəhdəti, NKPİ-nin fəaliyyəti, burada aparılan elmi tədqiqat işləri, kimya elmində baş verən mühüm yeniliklər barədə məlumatlandırıb, onlara bir sıra dəyərli tövsiyələr verib. Alim bildirib ki, elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hikmət İbrahimov tələbələri təcrübə keçəcəkləri laboratoriyalarla tanış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.