AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Həsən Hüseyninin birgə müəllifliyi ilə nəşr olunmuş “Nəsimidən nəsimlər” kitabının təqdimatı keçirilib. Nəşrin redaktoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Azadə Musabəylidir.
Təqdimat mərasimində çıxış edən müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov nəşrin elmi əhəmiyyətindən danışıb. O, mütəfəkkir şair Nəsiminin 650 illik yubileyinə ithaf olunan əsərdə geniş təhlillərin aparıldığını bildirib.
Sonra kitabın rəyçilərindən biri, Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova çıxış edərək nəşrin şairin zəngin irsinin araşdırılması baxımından dəyərli töhfə olduğunu deyib.
Nəsimi yaradıcılığından söz açan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı şairin yaradıcılığı haqqında aparılmış təhlillərə görə hər iki müəllifi, xüsusən də bu günlərdə 60 yaşı tamam olan Vərağa Salmanovu təbrik edib.
Kitabın rəyçisi, institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli diqqətə çatdırıb ki, nəşrdə maraqlı məqamlardan biri Nəsiminin Həzrət Əliyə olan münasibəti, Quranda əks olunan bəşəri mövzularla bağlı fikirlərin əks etdirilməsidir. N.Məmmədli kitabda şairin yaradıcılığının yalnız irfani deyil, poetik cəhətdən də təhlil olunduğunu bildirib.
Tədbirdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov, Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçiləri Mircəfər Seyidov və Sona Xəyal çıxış edərək təqdim olunan araşdırmaları yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.