AMEA Arxeologiya və Antropologiya İnstitutu əməkdaşlarının Azərbaycan arxeologiyasının müxtəlif problemlərinə həsr olunmuş elmi tədqiqatları Belçikanın Brepols Publishers akademik nəşriyyatının yeni ikicildliyində dərc olunub.
2026-cı ildə ingilis dilində nəşr edilən Urartu and Beyond: Improvement and Interaction in the Iron Age Highlands ikicildliyi ARAXES seriyasının 5-ci cildidir. Nəşrdə Urartu dövləti və onun qonşu ərazilərlə siyasi, mədəni və sosial əlaqələri, eləcə də Son Tunc və Dəmir dövrlərində regionda baş verən proseslər müxtəlif arxeoloji materiallar əsasında araşdırılır.
İkicildlikdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının dörd tədqiqatı yer alıb. İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin Changes in Burial Customs in the Late Bronze–Early Iron Age (Based on the Materials of Plovdag Necropolis) adlı məqaləsi Naxçıvandakı Plovdağ nekropoluna həsr olunub. İnstitutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər Səfər Aşurov və Baxtiyar Cəlilovun həmmüəllifliyi ilə hazırlanmış və Daşkəsəndəki Son Tunc – Erkən Dəmir dövrü Çovdar nekropolu barəsində The Chovdar Necropolis in Dashkasan məqaləsi də ikicildlikdə yer alıb. Səfər Aşurov və Neapol “L'Orientale” Universitetinin doktoru Manuel Kastelluççianın ikicildlikdə əksini tapmış Beyond Urartu: Western Azerbaijan in the Late Bronze–Iron Ages mövzusunda məqaləsi Urartunun qonşuluğundakı müasir Azərbaycanın qərb ərazilərindəki həmdövr arxeoloji abidələri barəsindədir. İnstitutun elmi işçisi Lola Hüseynova Examples of Artistically Designed Ceramics of Chovdar Necropolis: Pottery with Zoomorphic Patterns məqaləsi ilə təmsil olunub. Onun məqaləsi Çovdar nekropolunun saxsı məmulatlarının stilistik zoomorfik naxışlarına həsr edilib.
Nəşrdə Azərbaycan arxeologiyasına dair digər tədqiqatlar da təqdim olunub.
• AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Elmar Baxşəliyevin — The Settlements of the Middle Iron Age in Nakhchivan;
• Vəli Baxşəliyev, Pensilvaniya Universitetinin professoru Lauren Ristvet və həmin universitetin Antropologiya departamentinin tədqiqatçısı Robert Brayant — Fortress Politics from the Bottom Up? Rethinking Settlement in the Early Iron Age Caucasus;
• BDU-nun Tarix fakültəsinin müəllimi, arxeoloq Günay Bayramova — The Chest Adornments of the Late Bronze–Early Iron Age.
Brepols Publishers-in təqdimatında bildirilir ki, ikicildlik Urartu krallığı və onun mədəniyyəti ilə bağlı araşdırmaları daha geniş regional kontekstdə nəzərdən keçirməyi qarşıya məqsəd qoyur. Urartunun əsas mərkəzləri ilə yanaşı, krallığın təsir və genişlənmə arealına daxil olan ərazilərə də diqqət yetirilməsi həmin dövrdə regionda baş verən sosial və mədəni proseslərin daha əhatəli öyrənilməsinə imkan yaradır.
Azərbaycan arxeoloqlarının tədqiqatlarının belə bir beynəlxalq akademik nəşrdə yer alması ölkə arxeologiyasına dair yeni elmi nəticələrin beynəlxalq elmi dövriyyəyə çıxarılması və Azərbaycan arxeoloji materiallarının daha geniş elmi auditoriyaya təqdim olunması baxımından əhəmiyyətlidir.
Nəşr haqqında ətraflı məlumat Brepols Publishers-in rəsmi internet səhifəsində təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.