AMEA-nın rəsmi veb-portalı olan science.gov.az-ın əməkdaşları ölkədə karantin rejimi elan olunan gündən öz fəaliyyətini onlayn şəkildə davam etdirir. Portala hər gün 3 (Azərbaycan, rus, ingilis) dildə məlumatlar yerləşdirilir.
Məlumdur ki, koronavirus pandemiyasının dünyada və ölkəmizdə vüsət alması səbəbindən dövlət tərəfindən ardıcıl, təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi davamı olaraq 2020-ci il martın 29-dan etibarən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə akademiyanın əməkdaşları bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilib.
Belə bir çətin şəraitdə kütləvi informasiya vasitələrinin (KİV) – televiziya, qəzet, radio və İnternet resurslarının üzərinə xüsusi vəzifə düşür. KİV nümayəndələri xüsusi karantin rejiminin qaydalarına ciddi riayət edərək müvafiq sahələrdə görülən işləri ictimaiyyətə çatdırmalı, eyni zamanda, gündəmdə baş verən hadisələrlə bağlı məlumatları yaymaqda davam etməlidirlər.
Bunları nəzərə alaraq, science.gov.az portalı da ölkənin elm sferasında fəaliyyət göstərən ən böyük veb-resursu olaraq dünyada və ölkəmizdə bu sahədə olan yenilikləri ictimaiyyətə çatdırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, apardıqları araşdırmalar, distant təhsil, virtual dərslər və s. haqqında məlumatlar verilir. Eyni zamanda, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar, bu virusla mübarizə məqsədilə görülən tədbirlər, aparılan araşdırmalar işıqlandırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.