Ayda olan bəzi dağların hündürlüyü bir neçə kilometrə çatır, lakin peykdə vulkanik və güclü seysmik fəallıq olmadığından onların necə əmələ gəlməsi indiyədək anlaşılmaz qalıb.
popmech.ru saytının məlumatına görə, Kanadanın Ontario əyalətinin Kral Muzeyinin beynəlxalq tədqiqatçılar qrupu 1972-ci ildə “Apollon-17” tərəfindən Yer kürəsinə gətirilmiş Ay daşlarının nümunələrini yenidən tədqiq ediblər. Onlar bu nümunələrdə 2300 dərəcə Selsidən yuxarı temperatur zamanı yaranan və stabil temperatura qayıtdıqda baddeleit mineralına çevrilən zirkonun kub kristalı strukturlarının izlərini aşkar ediblər.
Kristal strukturların analizinin gedişatı zamanı onların təxminən 4,3 milyard il əvvəl yarandığı müəyyən olunub. Onların meydana çıxmasına səbəb isə ehtimal ki, güclü xarici zərbənin təsiri nəticəsində yaranmış yüksək temperatur olub.
Tədqiqatçılar güman edirlər ki, bu dağlar meteorit zərbəsi nəticəsində yaranıb.