Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Bu gün Beynəlxalq Muzeylər Günüdür
18.05.2020 12:39
  • A-
  • A
  • A+

Bu gün Beynəlxalq Muzeylər Günüdür

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub.

Bu bayram ölkəmizdə də geniş miqyasda qeyd edilir.

Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər. Bu muzeylərdən üçü – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyiMilli Azərbaycan Tarixi Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi AMEA-nın nəzdində fəaliyyət göstərir.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi ilə bağlı çoxşaxəli fəaliyyəti ilə seçilir. Muzey milli ədəbiyyat tariximizin mükəmməl tədqiqi əsasında ən qədim dövrlərdən XXI əsrədək olan Azərbaycan ədəbi-mədəni fikrinin elmi ekspoziyasının yaradılması istiqamətində mühüm işlər görür. 

Milli Azərbaycan Tarixi Muzeyi Azə­baycanın qədim dövrdən bu günədək tarixinə, maddi və mənəvi mədəniyyətinə aid materialların toplan­ması, mühafizəsi, elmi təd­qiqi, təbliği və nümayişi işlərini həyata keçirir. Muzey, həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən yeni stasionar ekspozisiyanın qurulması və daim təkmilləşdirilməsi, eləcə də muzey fondlarının yeni eksponatlarla zənginləşməsi, fond materiallarının bərpası, pasportlaşdırılması və digər istiqamətlərdə fəaliyyət göstərir.

1995-ci ildə yaradılan Hüseyn Cavidin Ev Muzeyi isə şairin 1920-ci ildən 4 iyul 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzildə yerləşdirilib. Muzey Hüseyn Cavid və Cavidlər irsinə aid materialların toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: