Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.07.2026 11:00
  • A-
  • A
  • A+

Kilsədağ məbədlər kompleksində tədqiqatlar

Kilsədağ məbədlər kompleksində tədqiqatlar

1 iyun - 15 iyul 2026-cı il tarixlərində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin “Qafqaz Albaniyası maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında arxeoloji tədqiqat işləri aparıb. Bu, Kilsədağ məbədlər kompleksi ətrafında 2022-ci ildən etibarən aparılan çöl tədqiqatlarının artıq beşinci mövsümüdür. Bu mövsümdə də arxeoloji tədqiqatlar mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində davam etdirilib.

2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir.

2026-cı ildə mövcud bürc yerləri və qala divarlarının strukturunun müəyyən edilməsi istiqamətində tədqiqat sahəsinin əhatə dairəsi genişləndirilib. Tədqiqat sahəsində aparılmış kəşfiyyat qazıntıları nəticəsində müəyyən olunub ki, kompleks ərazisini əhatə edən bürc yerlərinin sayı 10-dan artıqdır. Arxeoloji qazıntılar zamanı dairəvi məbəd kompleksinin şərq hissəsini əhatələyən qala divarları və ona paralel olan 3 bürc yeri K və L kvadratlarında aşkara çıxarılmışdır.

2025-ci ildə F kvadratının cənub-qərb hissəsində bir saylı otaq daxilində mövcud mədəni təbəqənin strukturunun müəyyən edilməsi məqsədi ilə qoyulmuş şurf daxilində də arxeoloji qazıntılar davam etdirilib. Qazıntı nəticəsində sahədən daş qutu və iki torpaq qəbir abidəsi qeydə alınmışdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, qəbir kameralarının 2022-ci ildə başlayaraq aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan dini və ictimai bina qalıqlarının bünövrə yerlərinin alt qatında təsadüf etməsi mühüm faktlardan biri olaraq qalır. Bu qəbir tiplərindən götürülmüş antropoloji nümunələr üzərində gələcəkdə aparılacaq radiocarbon (C 14) analizlər, dairəvi məbəd ətrafında formalaşan qala divarları və bürc yerləninin tarixi xronologiyası haqqında ətraflı məlumatlar sərgiləyəcəkdir.

Kilsədağda aparılmış çöl tədqiqatları nəticəsində müəyyən edilib ki, qala divarları və bürc yerləri təkcə dairəvi məbəd kompleksi ilə məhdudlaşmayıb. SSRİ dövründə Əmilidağ ərazisində 100 hektarlarla sahəni əhatə edən Qəbələ (RLS) radiolakasiya stansiyasının inşası zamanı abidənin yerləşdiyi sahənin şimal-şərq hissəsini əhatə edib. Amma abidənin yerləşdiyi ərazi ciddi şəkildə dağıdılmış, ərazidə döyüş növbətçiliyi üçün səngər və hava hücumundan müdafiə sistemləri üçün xəndəklər və digər hərbi təyinatlı tikililər inşa edilmişdi.

Qəbələ rayonunun Əmili kəndində yerləşən, lakin yazılı mənbələrdə hələlik adına rast gəlinməyən, 2022-ci ildə tədqiqatına yenidən başlanılmış Kilsədağ məbədlər kompleksi və onun əhatələyən Akropol ətrafında aparılacaq stasionar tədqiqatlar torpaq altında gün üzünə çıxmaqda olan daha bir qədim Albaniya şəhər yerinin bütünlüklə bərq vurmasına vəsilə olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: