Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Biz zamanlar Ohayo ştatında…  (Esse)
25.07.2026 21:00
  • A-
  • A
  • A+

Biz zamanlar Ohayo ştatında… (Esse)

“Once Upon a Time in America” – “Bir zamanlar Amerikada”…

Yatsam, yuxuma da girməzdi ki, bu yay Amerikada olacağam. Budur, mən Amerikadayam. Səhərin erkən saatlarında heyrət işində küçələri gəzirəm. Lövhələrdə tanış adlar qarşıma çıxır: Ohio, Indiana, Route 66... Bunlar illərlə filmlərdən seyr etdiyim, kitablardan oxuduğum adlardır. Bu nə işıqdır? Hə, Merilin Monrodur! Bənzərsiz plastikası və ecazkar təbəssümü ilə ətrafa işıq saçır. Bu isə Con Ueyndir. Heç yana tələsmədən uzaqlara baxır. Elvis Presli bu yerləri elə bil heç vaxt tərk etməyib. Az sonra İndiana Consun izlərinə rast gəlirəm. Burada çox şey onun macəralarını xatırladır. Sonra xəyal məni Amerikanın o qədər də uzaq olmayan tarixi keçmişinə doğru aparır. Burada nə göydələnlərin əzəməti var, nə də böyük şəhərlərin gurultusu. Kovboy papaqları, at yəhərləri, taxta arabalar, Arizona və Texas çöllərinin sərt nəfəsi, qədim Qərb şəhərlərinin ruhu... Köhnə yanacaqdoldurma məntəqələri, klassik üstüaçıq avtomobillər, taxta evlər, kiçik şəhərlərin sakit həyatı... Elə bil burada zaman geriyə dönmüş, donmuş və hərəkət etməyi unutmuşdu. Hiss edirəm ki, Amerikanın əsl hekayəsi Nyu-Yorkun göydələnlərində yox, məhz bu mənzərələrdə yaşayır.

Bir az sonra heyrətamiz bir mənzərə ilə qarşılaşıram: Nyu-Yorkun Manhetten səmtində, Rokfeller Mərkəzinin tikintisində on bir fəhlə yerdən təxminən 250 metr yüksəklikdə polad tirin üstündə nahar edir. Ayaqlarının altında nəhəng şəhər uzanır. Üzlərində qorxu yoxdur. Sanki onlar yüzlərlə metr yüksəklikdə deyil, adi bir park skamyasında əyləşiblər.

1932-ci il sentyabrın 20-də çəkilmiş həmin məşhur foto-kadr... Bu mənzərədə təhlükə də var, cəsarət də, zəhmət də, gündəlik həyat da. Deyilənə görə, bu foto Amerikanın Böyük Depressiya illərində (1929–1939) cəmiyyətin depressiyadan çıxmasında həmin dövrdə həyata keçirilən iqtisadi islahatlar qədər rol oynamışdır.

Ohiyo  illusion – Ohayo illüziyası…

Bəli, mən Amerikadayam - Amerikanın Ohayo ştatında deyil, İsmayıllı rayonunun məşhur İvanovka kəndində yerləşən kiçik, şirin bir məkanda: Ohayo Otelində. Bir neçə dəqiqə əvvəl küçə hesab etdiyim mənzərələr, şəhər sandığım məkanlar, Amerikanın nəfəsi kimi içimə çəkdiyim bütün o atmosfer, əslində, bu otelin böyük zövqlə və yüksək estetik duyumla qurulmuş interyerinin parçaları idi. Məni heyrətləndirən yalnız xoş bir aldanışın təəssüratı deyildi. Məni heyrətləndirən bu məkanın yuxarıda təsvir etdiyim tarixi və müasir Amerikanı sadəcə olaraq təqlid etməməsi, məhz onu anlatması idi. Çünki bu kiçik otelin bütün interyer detalları ölkənin gücünü yox, mədəniyyətini; şüarı yox, yaddaşı; dekorasiyanı yox, həyatı; materiyanı yox, ruhu təmsil edir. Bu kiçik Amerika hekayəsi də elə həmin ruhun ardınca getmək istəyindən başlayır...

Bu il ailəmizin ilkbeşiyi Əlinin qəbul imtahanları ilə bağlı qayğılar bizi uzaqlara getmək fikrindən daşındırdı. Qərara gəldik ki, yaxınları seçək. Üz tutduq vətənin məsafəcə paytaxta yaxın olan guşələrindən birinə - İsmayıllıya. Amma ağlıma da gəlməzdi ki, bu qədər yaxınlıqda əvvəlki illərlə müqayisəolunmaz dərəcədə uzaqlara gedəcəkmişik, okeanın o tayına…

Səmimi etiraf edim ki, İsmayıllı dağlarında “Ohayo” adlı otelin olduğunu eşidəndə təəccübəlndim. Azərbaycanın dağ kəndində “Ohayo”?

Düşünürdüm ki, Amerikan üslublu otellə onun yerləşdiyi landşaft, xüsusən də yerli mühit arasında hökmən dərin bir uçurum, kobud bir uyğunsuzluq olmalıdır. Amma otelin həyətinə ilk addımı atanda bu düşüncələr səhər dumanı kimi yavaş-yavaş çəkilib yox oldu. Dağların nəfəsi, ağacların pıçıltısı, köhnə taxtanın qoxusu, insanı qucaqlayan sakitlik... Okeanın o tayından gəlmiş qonaq burada nə təbiətə, nə də mədəniyyətə yad görünürdü. Əksinə, elə bil Amerika buraya qonaq gəlməmişdi; İsmayıllının təbiəti onu öz övladı olaraq doğmuş, sonra da bağrına basmışdı. Bəli, bəzən mədəniyyətlər bir-birinə bənzədikləri üçün deyil, bir-birinə hörmət etdikləri üçün yaxın ola bilirlər.

İnteryer: izolyasiya və inteqrasiya arasında

Regionlarda inşa edilən bir çox otellərin, istirahət guşələrinin ilk diqqətçəkən cəhəti hündür hasarları olur. Əvvəlcə otellə yerli mühit arasında keçilməz sədd yaradılır. Ən pisi odur ki, bu, sadəcə memarlıq həlli deyil, müəyyən dünyagörüşünün ifadəsidir. Məkan özünü ətraf mühitdən ayırır, yerli həyatdan təcrid edir, qapalı və yalnız öz qaydaları ilə yaşayan korporativ adaya çevrilməyə çalışır. Belə olanda yerli mühitlə “gəlmə qonaq” yanaşı mövcud olsa da, bir-birinin həyatına tamamilə yad qalırlar.

Ohayo Otelində isə bunun tam əksini gördük. Burada otelin sərhədi çox simvolik, nazik bir məhəccərdir. Bu məhəccər otellə yerli landşaftı və mədəniyyəti bir-birindən ayırmır. Yəni otel özünü nə landşaftdan, nə də kənd həyatından üstün tutur. Kənd sakinləri gün ərzində rahatlıqla otelin həyətində gəzir, işləyir, söhbət edir, buranı öz məkanları kimi qəbul edirlər. Sanki otel kəndin içində tikilməyib, kəndin həyatından doğulubdur.

İlk baxışda Ohayo Otelinin interyeri yad mədəniyyəti assosiasiya edir. Burada Amerika nömrə nişanları, köhnə avtomobil, qədim lampalar, taxta tavanlar, pop-art mədıniyyətinə məxsus müxtəlif şəkillər, plakatlar və antik əşyalar bir araya toplanıb. Ancaq bir qədər diqqətlə baxanda anlayırsan ki, bunlar sadəcə dekorasiya deyil. Hər əşya sanki öz keçmişini danışır.

Divarlardan asılmış köhnə şəkillər, otaqlara verilən adlar, taxta ilə dəmirin yaratdığı ahəng heç bir halda muzey təəssüratı oyatmır. Əksinə, elə bil hansısa ailənin canlı xatirələri arasında gəzir, illərlə qorunub saxlanılmış bir həyatın içindən keçirsən. Bəlkə də buna görə bu məkan Amerikaya heyranlıq yaratmır, onu anlamağa dəvət edir. Burada Amerika mif kimi deyil, öz tarixi, zəhməti, ailəsi və yaddaşı olan canlı bir mədəniyyət kimi təqdim olunur.

Deyirlər, şəhərlərin dəyəri dəbdəbəsindən daha çox ruhundadır. Görünür, otellər də belədir. Ohayo Otelində interyerin özündən daha çox onun yaratdığı ruh hiss olunurdu.

“Hello, My Dear Old Mother, Are You Well?” –

“Salam, qarıcığım, salamatmısan?”

Otelin girişində qonaqları qarşılayan ilk sürpriz nə olsa yaxşıdır? Binanın qonşuluğunda yaşayan tənha yerli sakin Qalya xalanın uşaqlıqdan bu günə qədər keçdiyi həyat yolunu əks etdirən fotoqalereya. Ohayo Otelinin ideya memarı çox dərin bir fəlsəfəni sadə bir üsulla təqdim edir. Fiziki mənada abstrakt zaman burada fotoşəkillərin xronoloji düzülüşündə sanki sancaqlanmış cin kimi ələ düşür, tutulur. Divar boyunca düzülmüş fotoşəkillər bir ömrün bütün mərhələlərini səssizcə danışır: əvvəl balaca bir qız uşağı, sonra hörüklü məktəbli, ardınca gənc bir qız, toy şəkli, ana, nənə və nəhayət, bu günün Qalya xalası... Bir insanın ömrü sanki divara köçürülmüşdü. O şəkillərə baxdıqca hiss etdim ki, əslində biz fotoşəkillərə baxmırıq, o şəkillərdən körpə uşağı qoca qarıya çevirən qatil zaman bizə baxır.

Bir qədər sonra Qalya xalanın evində qonaq olduq. O, qədim rus cəhrəsinin yanında əyləşmişdi. Cəhrə artıq yun əyirmirdi. Elə bil ömrü əyirirdi. Hər dövrəsi bir ili, hər sapı bir xatirəni toxuyurdu. Qalya xala tək yaşayırdı. Övladları, nəvələri uzaqlarda idi. Onun uzaqlara zillənən sakit baxışlarına baxanda istər-istəməz Sergey Yeseninin məşhur “Anaya məktub” şeiri yadıma düşdü:

“Salam, qarıcığım, salamatmısan...

Deyirlər, gecələr çıxıb yollara,

Həsrətdən yanırsan korun-korun sən.

Əynində o köhnə, nimdaş sırıqlın,

Yoluna çıxırsan mən nankorun sən.”

O misralarda olduğu kimi, Qalya xalanın evində həsrət çəkən təkcə ana deyildi.  Elə bil hər axşam bayır qapının önünə çıxıb uzun-uzadı yollara baxan Qalya xala deyil, bütöv bir ömürdür.

The Scent of the Night: Love Is in the Air –

Gecənin ətri: “havada aşk kokusu var”...

Burada gecənin tamam başqa rəngi, tamam başqa ətri və səsi var. Günəş dağların arxasında itib-batdıqca sanki zaman da asta addımlarla yeriməyə başlayır. Ağaclar pıçıldayır, meh dağların sinəsindən keçib insanın ruhuna toxunur. Burada sükut boşluq deyil, dinləməyi bacarana söylənən ən gözəl hekayədir.

Qarşımızda iki fincan qəhvə həyatımın yol yoldaşı ilə birlikdə eyvanda əyləşmişdik. Qarşımızda dağlar, onların arasında lap dibində ecazkar bir göl olan dərin dərə uzanırdı. Dərənin üzərində isə  asta-asta dumanlar süzür. O mənzərəyə baxdıqca yaddaşıma hopmuş misralar öz-özünə dilimə gəldi:

Dağlar arasında dərə,

Dərindir quyu kimi.

Dağ dağa duman göndərər,

Sevgi məktubu kimi...

O gecə bu misralar mənə sadəcə şeir kimi yox, gözlərimin qarşısında yaşayan bir həqiqət kimi görünürdü. Elə bil dağlar doğrudan da bir-birinə duman göndərirdi. Dumanlar dərənin üzərində süzə-süzə görünməz sevgi məktubları kimi bir dağdan o birinə yol alırdı. Elə bil gecənin havasına həmin məktubların gətirdiyi görünməz bir eşq qoxusu yayılırdı.

Haradasa asta səslə Ennio Morriconenin məşhur “The Lonely Shepherd” (“Tənha çoban”) melodiyası səslənir. O musiqi gecənin sükutunu pozmur, əksinə, onu tamamlayırdı. Elə bil həmin melodiyaya dağların nəfəsi qarışmışdı. Külək notlara çevrilmiş, dərənin üzərində üzən duman isə dağların bir-birinə göndərdiyi görünməz sevgi məktublarını asta-asta özü ilə aparırdı.

Bir qədər aralıda gənc bir sevgili cütlük oturmuşdu. Masalarının üstündə iki qədəh şərab vardı. Arabir sakit səslə danışır, sonra uzun müddət susurdular. Amma onların ən gözəl söhbəti elə bu sükut idi. Sözləri eşidilmirdi. Buna ehtiyac da yox idi. Bir-birinə heyranlıqla baxan gözləri danışırdı, təbəssümlər danışırdı, sükut danışırdı...

Dağlar susurdu. Külək susurdu. Biz də çox danışmırdıq. Amma sükutun dili ilə hər şey deyilirdi. O gecə min illərin məlum həqiqətini bir daha dərindən anladım: kim nə deyir-desin, həyatın görünməyən baş memarı məhz sevgidir.

The Engineer of Harmony – Harmoniya mühəndisi

Ohayo Otelinin ideya müəllifi də, baş memarı da, mühəndisi də, hətta fəhləsi də Həsən bəydir. Onunla yaxından tanış olandan sonra başa düşürsən ki, bu məkanın bu qədər rahat nəfəs almasının, heç kəsin heç yerə tələsməməsinin, hər şeyin - ağacların kölgəsinin, daşların düzümünün, sükutun özünün belə hansısa görünməyən ahəngə tabe olmasının əsasında Həsən bəyin daxili dünyası, müdrik həyat fəlsəfəsi dayanır.

Onunla ünsiyyətdə olduqca anladım ki, o, əvvəlcə daşdan bina yox, öz daxilində düşüncədən bir dünya qurub. Təbrizdən başlayan ömür yolu onu Amerikanın elmi mühitinə aparmış, uzun illər kimya mühəndisi kimi çalışmışdı. Lakin ömrünün payızında o, daha çox qazanmağı deyil, daha mənalı yaşamağı seçmişdi. Həyat yoldaşı Təranə xanımın doğulduğu İsmayıllıya qayıtmış və bu dağların qoynunda Ohayo Otelini qurmuşdu.

Mənə elə gəlirdi ki, o, Amerikadan sadəcə ünvanını dəyişərək qayıtmamışdı. O, həyata münasibətini də dəyişərək qayıtmışdı. Həsən bəy əlində qəhvə fincanı ilə sakitcə otelin həyətində gəzir, gah dərəyə, gah da dağlara uzun-uzadı baxırdı. Elə bil baxmırdı, dinləyirdi. Küləyin səsini, ağacların pıçıltısını, sükutun nəfəsini dinləyirdi.

Pişiyi yanından ayrılmırdı. Arabir ayaqlarına sürtünür, sonra günəş düşən bir daşın üstünə uzanır, bir azdan yenə sakitcə onun ardınca düşürdü. O pişik sanki bu məkanın adi sakini deyildi. Həsən bəyin həyat fəlsəfəsinin səssiz rəmzi idi: sabahın qayğısını daşımadan, dünənin peşmanlığını yaşamadan, yalnız yaşadığı anın içində mövcud olan bir canlı... Elə bil insana pıçıldayırdı ki, xoşbəxtlik sahib olduqlarının çoxluğu ilə deyil, ruhunun yüngüllüyü ilə ölçülür.

Həsən bəyin sakitliyi zahiri deyil, daxili fəlsəfi əsasa dayanırdı. Amerikanın sürətli həyatından, elmin sərt ritmindən gəlib bu dağların qoynunda öz daxili ahəngini tapmışdı. Mən onunla tanış olarkən daha çox Amerikadan danışacağını gözləyirdim. O isə Mövlanadan, Nizamidən, Sədidən, Hafizdən danışırdı. Getdikcə anlayırdım ki, o, bu müdrikləri sadəcə oxumayıb, onları yaşayıb. Onun həyat fəlsəfəsi bu müdriklərin idrak çeşməsindən qidalanıb. Uzun ömür, böyük elm yolu, fərqli ölkələr... Bütün bunlar sonda çirin Təbriz ləhcəsində ifadə etdiyi bir cümlədə cəmlənmişdi:

— İnsanın ən böyük sərmayəsi zamandır.

Həsən bəyin dilindən bu sözləri eşidəndə mərhum elmi rəhbərim, professor Yaşar Qarayevin iş masasının üzərindəki lövhə gözlərim önündə canlandı: “Vaxt sərvətdir”.

Fərqli talelər, fərqli peşələr, fərqli ömür yolları... Amma ömrün zirvəsinə çatanda gəlinən eyni qənaət. “Zaman, sadəcə bir azcıq zaman”… Görünür, insan həyatı  dərk etdikcə mürəkkəb fikirlər sadələşir, böyük fəlsəfələr isə bir neçə sözün içinə yerləşəcək qədər aydınlaşır.

 The Topography of the Soul – Ruhun topoqrafiyası

Ohayo Otelindən ayrılarkən düşünürdüm ki, coğrafi məkanın öz topoqrafiyası olduğu kimi, insanın daxili mənəvi dünyasının da öz topoqrafiyası var: dağları, dərələri, çayları, gölləri, dənizləri ilə... Orada yüksəkliklər və enişlər fiziki məsafə ilə deyil, düşüncə ilə ölçülür, yollar ayaqla deyil, zamanla keçilir, üfüqlər isə gözün gördüyü yerə qədər yox, ruhun duyduğu yerə qədər uzanır. Elə bu düşüncələrin içində mənə getdikcə aydın olurdu ki, mənim üçün bir səfər başa çatsa da, başqa bir səfər başlanır. Onu da hiss edirdim ki, insanın əvvəlcə özü ilə, sonra isə dünya ilə barışıb yaşaya bilməsi elə bu səfərdən başlanır. Yəqin ki, hər bir insanın ömür yolu onu öz daxilinə aparan, hələ kəşf etmədiyi mənəvi coğrafiyasının xəritəsini ona nişan verən çoxlu sayda duracaqlardan, dayanacaqlardan keçir. Bu yay mənim ömür yolumun təsadüfən keçdiyi Ohayo Oteli də yəqin ki, həmin dayanacaqlardan biri idi.

Sərxan XAVƏRİ, filologiya elmləri doktoru

 

  • Paylaş: