Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Səmada "Planetlərin paradı" başlayır
03.07.2020 14:16
  • A-
  • A
  • A+

Səmada "Planetlərin paradı" başlayır

İyulun 4-də Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. “Planetlərin paradı” adlanan bu düzülüş nadir astronomik hadisədir.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi Günəş sistemində iki formada baş verir. Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə olur. Böyük planetlərin paradı isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə baş verir. Bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu da “Planetlərin tam paradı” adlanır.

Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyulun 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyu davam edəcək "Planetlərin paradı" tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.

Nadir astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Sonuncu dəfə bu təbiət hadisəsi 10 mart 1982-ci ildə baş verib. Bu zaman Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.

Qeyd edək ki, növbəti “Planetlərin tam paradı”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: