Mayın 21-də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Kürəkçay müqavilələri – 220” adlı dəyirmi masa keçirilib.
İclası açıq elan edən institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev 1805-ci il mayın 14-də general Sisianov və Qarabağ xanı İbrahimxəlil xanın Gəncə yaxınlığında, Kürəkçayın sahilində imzaladığı “Kürəkçay müqaviləsi” haqqında danışıb.
Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “Pavel Sisianov və İbrahimxəlil xan: Kürəkçaydan öncə və sonra” adlı məruzə ilə çıxış edərək bildirib ki, artıq XIX yüzilliyin əvvəllərində Romanovlar Rusiyası imperiyanın cənub istiqamətində ölkələrin bir çoxunu, o cümlədən Güney Qafqazın böyük hissəsini təşkil edən Quzey Azərbaycanı işğal etmişdi. Romanovların Cənubi Qafqaz işğallarında mühüm rol oynamış general Pavel Sisianovun baş komandanlığı dövründə (1802-ci il sentyabr - 1806-cı il fevral) müstəmləkəçilərin Azərbaycan xanlıqlarına qarşı yürütdükləri siyasət özünün qatı mürtəceliyi, eybəcərlikləri, kobudluğu və qeyri-insaniliyi ilə xüsusilə fərqlənmişdi.
Cavad xanla hərbi-siyasi çarpışmanın qızğın çağında Qarabağ hökmdarına çox məhrəmanə məktublar yazan, saxta tərifləri ilə İbrahimxəlil xanı arxayın edən Pavel Dmitriyeviç Gəncənin işğalından, Cavad xanın şəhadətindən beş gün sonra – 1804-cü il yanvarın 8-də İbrahimxəlil xana həqarətyana, yekəxana, həyasız və hədələyici tələblərlə dolu bir məktub yazmışdır: “Cavad xanın qüruru qanla yuyuldu və mənim ona yazığım gəlmir, çünki Allah vüqarlıların əleyhinədir; lakin onun öz qismətinə məruz qoyduqlarına təəssüflənirəm. Ümid edirəm ki, siz aləhəzrət ona oxşamaq istəməyəcəksiniz və belə bir ümumi qaydaya əməl edəcəksiniz ki, zəif güclüyə ram olur və onunla dartışmağı arzulamır”.
İbrahimxəlil xan Sisianova 1805-ci ilin aprelində göndərdiyi məktubunda Fətəli şahın elçilərinin onun yanına xüsusi fərman və bol vədlərlə gəldiklərini bildirmişdir. General dərhal xanın elçilərə nə cavab verdiyini yazmamağından təəccübləndiyini vurğulayaraq, hələ Kürəkçayda müqavilənin imzalanmasına 19 gün qalmış – aprelin 25-də xana əmrlə bildirir ki, siz elçilərə deməliydiniz ki, “səmalara bərabər və günəşəbənzər böyük Rusiya imperiyasının ali himayəsinə və təbəəliyinə girərək Gürcüstan baş rəisinə (yəni Sisianova) əvvəlcədən xəbər vermədən və onun razılığı olmadan digər dövlətlər və qonşu hökmdarlarla heç bir danışıqlara girə bilməzsiniz!”
Beləliklə, bəzi qaynaqlar təsdiqləyir ki, İbrahimxəlil xan Qarabağın müstəqilliyini qoruyub saxlamaq üçün cəhdlər göstərsə də, hiyləgər və amansız Sisianovun şəxsində Çar Rusiyası bu xanlığı da işğal etmişdir.
Dəyirmi masada tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftyəliyev “Kürəkçay müqavilələrinin məğzi barəsində bəzi mülahizələr” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə demişdir: “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan, - o, Qarabağın və Şuşanın xanı idi, - Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. “Kürəkçay müqaviləsi”nin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur... XIX əsrin əvvəllərində imzalanmış Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında ümumiyyətlə geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi”.
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Qarabağ xanı İbrahimxəlil xanın qətlə yetirilməsini çar hakimiyyətinin cinayəti saymışdır: “Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir”.
İclasda, həmçinin Çar Rusiyasının Qarabağ xanı İbrahimxəlil xan, Şəki xanı Səlim xan, Cahangir xan və Şəqqaq camaatı, Şörəyel sultanı, Şamaxı xanı Mustafa xanla andlı öhdəliklər imzalaması, Pəmbək sultanı, Qazax və Borçalı ağalarının adına verilən qətnamələr haqqında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.