Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” adlı kitab çapdan çıxıb
21.05.2025 15:40
  • A-
  • A
  • A+

“Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” adlı kitab çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xuraman Əliyevanın “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” adlı kitabı çapdan çıxıb.

Professor Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Görkəmli şərqşünas alimin yeni ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, İlya Əbu Madi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan əsərlərdir. Təqdim edilən kitabda da Xuraman Əliyeva görkəmli alim Aida İmanquliyevanın elmi yaradıcılığını məhz bu əsas istiqaməti yönündə nəzərdən keçirib.

Monoqrafiya giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsil “Azərbaycan ədəbiyyatşünaslığında Aida xanım İmanquliyevanın yeri” adlanır. Bu fəsildə alimin həyatı və mühitindən bəhs edilir, eləcə də elmi, pedaqoji və təşkilati fəaliyyəti nəzərdən keçirilir.

İkinci fəsildə professor Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqatçısı, tərcüməçisi və təbliğatçısı kimi yaradıcılığı araşdırılır. Monoqrafiyanın müəllifi burada alimin ərəb məhcər əsəbiyyatına dair elmi araşdırmalarının təhlilini aparır, onun bədii tərcümələrindən bəhs edir, bədii tərcümə sənəti haqqında fikirləri diqqətə çatdırır.

“Aida İmanquliyevanın klassik rus ədəbiyyatına dair araşdırmaları” adlı üçüncü fəsildə XX əsrin 1-ci yarısı yeni ərəb ədəbiyyatı rus-ərəb ədəbi əlaqələri baxımından nəzərdən keçirilir. Aida İmanquliyeva Suriya-Amerika məktəbinin nailiyyətlərini Avropa və Amerika ideya-estetik fikri ilə yanaşı, rus ədəbiyyatının təsiri fonunda da təhlil edib. Burada da əsasən rus ədəbiyyatının Mixail Nuaymə ədəbi yaradıcılığına təsiri ilə bağlı Aida İmanquliyevanın elmi əsərləri araşdırılır. Bu fəsildə, həmçinin Nuaymənin öz əsərlərində ötən əsrin əvvəllərində Rusiyanın ictimai-siyasi, ədəbi-mədəni həyatını və təhsil sistemini əks etdirməsi ilə bağlı şərqşünas alimin yazdıqları diqqətə alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: