Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.05.2025 15:52
  • A-
  • A
  • A+

“Ziyəddin Göyüşovun fəlsəfi etik irsi və müasir etikanın aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Ziyəddin Göyüşovun fəlsəfi etik irsi və müasir etikanın aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Ziyəddin Göyüşovun 105 illik yubileyi ilə bağlı “Ziyəddin Göyüşovun fəlsəfi etik irsi və müasir etikanın aktual problemləri” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq görkəmli alim Ziyəddin Göyüşovun elmi fəaliyyəti və fəlsəfə elminə verdiyi töhfələr haqqında geniş və əhatəli çıxış edib. Azərbaycan fəlsəfə tarixi və etikaya dair dəyərli əsərlərin müəllifi olduğunu, onun çoxsaylı əsərlərində əxlaq tərbiyəsinin ən mühüm problemlərindən biri - insanın özünüdərk etməsi problemini tədqiq etdiyini bildirib. Professor alimin Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etdiyini, Azərbaycan Sovet Ensiklopediyası Elmi şurasının üzvü olması haqqında məlumat verib. O, qeyd edib ki, Z.Göyüşov Sovet dönəmində yaşayıb fəaliyyət göstərsə də, vətənpərvər alim olması ilə hər zaman elmi müstəvidə milli məsələlərə daha çox diqqət ayırıb: “Bu baxımdan Z.Göyüşovun əsərləri bu gün də istər yerli, istərsə də beynəlxalq miqyasda alimlər tərəfindən oxunur və tədqiqedilir”.

Professor böyük Azərbaycan xalqının etik və mənəvi inkişafında, müsəlman dünyasının mərkəzi və dinamik hissəsində inkişaf etmiş fikirlərin çoxalmasına və zənginliyinə qiymətli işıq tutduğunu qeyd edib. Ziyəddin Göyüşovun ensiklopedik alim olduğunu və onun əsərlərinin o dövrün gəncliyində böyük izlər buraxdığını qeyd edərək, bu əsərlər sayəsində milli-mənəvi və elmi dəyərlərə sahib neçə-neçə alimlərin yetişdiyini vurğulayıb. Ziyəddin Göyüşov Sovet dövründə yazıb-yaratsa da ancaq milli müstəvidə öz fikirlərini cəmiyyətə çatdırmaq üçün ən müxtəlif elmi üsullardan yararlandığını da diqqətlərə çatdırıb.

Görkəmli alimin əsərlərinə diqqət çəkən İ.Məmmədzadə Ziyəddin Göyüşovun əsərlərində milli maarifçilik məsələlərinin xüsusi yer tutduğunu və bu yolda apardığı tədqiqatlarda maarifçiliyin konturlarının bir az da genişləndiyini deyib. Ziyəddin Göyüşov “Azərbaycan maarifçilərinin etik görüşləri”, “Müasir burjua əxlaqının iflası”, “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Əxlaqi sərvətlər”, “XIX - XX əsrlərdə Azərbaycanda etik fikir”, “Həzz və iztirab”, “Fəzilət və qəbahət”, “Daxilə pəncərə” və s. kimi sanballı fəlsəfi-etik əsərləri ilə dəyərli irs qoyub getmişdir.

Sonda f.ü.f.d., dosent Faiq Ələkbərli, f.ü.f.d. Vahid Ömərov, f.ü.f.d. Rəşad Əskərov, f.ü.f.d. Zaur Rəşidov, f.e.d., dosent Aydın Əlizadə, f.e.d., professor Adil Əsədov, f.ü.f.d. İradə Zərqanayeva, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d. dosent Əli İbrahimov, f.e.d., prof. Arif Büniyatov, f.ü.f.d., dosent Radif Mustafayev çıxış edərək, Ziyəddin Göyüşovun Azərbaycan etik fikrinin tədqiqində əvəzedilməz rolundan bəhs etmiş və onun elmi əsərlərinin XX əsrin sonlarında və indi də Azərbaycan gənclərinin etik tərbiyəsində əvəzedilməz bir mənbə olduğunu qeyd etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: