Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tarixin ən böyük ədalətsizliyi
02.10.2020 14:35
  • A-
  • A
  • A+

Tarixin ən böyük ədalətsizliyi

Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində, Azərbaycanın tarixi torpağıdır.

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Dünyanın cənnət bucaqlarından sayılan Qafqazı 33 ildən bəri qan çanağına çevirən davakar erməni millətçilərinin son bir əsrdə Azərbaycan xalqına qarşı soyqırım, deportasiya və işğal siyasəti beynəlxalq imperialist dairələrin son iki əsrdə bu bölgədəki hakim mövqe davası üzərində ərsəyə gəlmişdir. Həmin qüvvələrin birgə məkrli planları əsasında tarixi Azərbaycan torpaqlarında qurulmuş başabəla Ermənistan oyuncaq dövləti necə yaradılıb, onun xalqımıza qarşı düşmənçilik siyasəti nəyə xidmət edir? Bu günlərdə Ermənistanın ölkəmizə qarşı yeni irimiq­yaslı hərbi təxribat törətməsi bu sualların bir daha cavablandırılmasına ehtiyac yaradıb. Müsahibimiz bü gün dünyada yeni faşizim, təcavüzkarlıq ocağına çevrilmiş Ermənistan dövlətini əsrlər boyu meydana gətirmiş “erməni məsələsi” mövzusunda mükəmməl elmi araşdırma aparmış tarixçi professor, Dövlət mükafatı laureatı Kərim Şükürovdur.

Alim “Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı?” adlı tədqiqat əsərində göstərir ki, ermənilər müasir informasiya texno­logiyaları və vasitələrindən istifadə edərək bir sıra sahələrdə olduğu kimi, erməni dövlətçiliyi barəsində də mif yaratmağa çalışıblar.

Belə ki, erməni dövlətçiliyinə dair tərtib edilmiş xronologiyada 32 dövlət və dövlət qurumunun (?!) siyahısı verilir. Əslində, bununla yanaşı, ermənilərin daha davamlı və sistemli olan dövlətsizlik və əsarət xronologiyasının siyahısı da verilsə, daha məntiqli və ədalətli olardı. Bu həqiqətlərlə bağlı redaksiyamızın suallarını cavablandıran alim bildirdi:

– Erməni dövlətçiliyinə gəldikdə isə o nəinki bu qədər dövlət və ya dövlət qurumu ilə təmsil olunmur, eyni zamanda, nə sabit tarixi coğrafi­yaya, nə də ənənəyə malik deyil. Ona görə də erməni tarixçiliyində, məhz, erməni xalqının tarixinin yazılması prioritet təşkil etməkdədir. Müasir erməni dövləti də tamamilə fərqli bir coğrafiyada, tarixi Azərbaycan ərazisində meydana gəlib. Bu yeni dövlətin əvvəlki erməni dövləti ilə nə ərazi, nə də hüquqi-siyasi və varislik əlaqəsi olmayıb.

Erməni tarix “texnoloqları” tərəfindən bu problem üzrə də özünəməxsus bir “konstruksiya” ya­radılıb. Azərbaycanın tarixi ərazisinin bir hissəsi və burada meydana gələn dövlət qurumlarının onlara məxsus olduğu iddia olunur və Azərbaycan ərazisində erməni dövləti yaradılması “erməni dövlətçiliyinin bərpası” kimi qələmə verilir. Beləliklə, ermənilər bu və digər məsələlərə (erməni milli azadlıq hərəkatı və s.) əsaslanan saxta bir konsepsiya yaradıblar. Bu məsələ təsvir edilən kimi sadə olmayıb, olduqca mürəkkəb və çətin bir prob­lemdir.

Bunun üçün erməni tarixşünas­lığının Azərbaycana qarşı ilk ərazi iddiasından burada erməni dövlətinin yaranmasınadək keçən uzun dövrə (təxminən 387–1918 və ya 1531 il), bu dövlətə daxil edilən ərazilərin yalnız silah vasitəsi ilə işğalına, tarixi Azərbaycan dövlətlərinin mövqeyinə və s. məsələlərə nəzər yetirmək lazım­dır. Ona görə də Azərbaycan torpaqla­rında müasir erməni dövlətinin mey­dana gəlməsinin bütün mərhələlərinə və məsələlərinə dair obyektiv tarixi faktlar üzrə ümumiləşdirmələrə əsaslanan Azərbaycan tarix konsepsi­yasının irəli sürülməsi, dünya elmi və ictimai-siyasi fikrinə tam və axıradək çatdırılması mühüm vəzifə kimi qarşı­da durur.

“Böyük Ermənistan” ideolo­giyası və Azərbaycan torpaqlarına dair iddianın yaranması məsələsinə aydınlıq gətirən alim söylədi:

– Elmə məlum versiyalar­dan birinə görə ermənilər Balkan mənşəlidir və sonrakı bütün ta­rixi coğrafiyalarında gəlmədir. İlk dövlətləri də etnik baxımdan erməni dövləti olmayıb, müəyyən birlikləri ifadə edir. Tarixşünaslıq ənənəsinə görə, sonralar “Böyük Ermənistan” adlandırılan çarlıq Bi­zans və Sasanilər arasındakı 387-ci il müqaviləsi ilə bölüşdürülmüşdür. Akademik Ziya Bünyadov haqlı ola­raq yazırdı ki, erməni dövlətçiliyi çar şərəfinə iddia edən Arsuruni, Baqra­tuni, Mamikonyan, Amatuni, Bznuni və digər sparapetlər və b. arasındakı əzəli çəkişmələr və mübahisələr üzündən yoxa çıxdı. Ona görə də xəyanətkarlıq erməni tarixinin əsas süjetlərindən biri olub. Onun da əsas simvollarından biri Merujan Arsuru­ni idi.

Ermənilər tarix anlayışı ilə birgə tarixi-siyasi coğrafiyalarına da dəyişiklik etməyə başlayıblar, bunun üçün “Şərqi” və “Qərbi Ermənistan” anlayışları uyduruldu. Azərbaycanın qərb torpaqlarının da Ermənistan dövlətinin tərkibinə daxil edilməsi (“Şərqi Ermənistan”) ənənəsinin əsası qoyulur, məqam yaranan kimi siyasi mərkəz axtarışı Azərbaycan torpaq­larına yönəldilib. Albaniya tarixinin tədqiqatçısı Fəridə Məmmədova 387- ci il müqaviləsinə dair bir qeydində yazır ki, mən alban torpaqlarına aid 387-ci il müqaviləsini əks etdirən mənbə aşkar edə bilmədim.

Qafqaz xalqlarının tarixi coğrafi­yası problemi üzrə tarixçilərin 1983-cü il 4–8 may Moskva müşavirəsində də aydın oldu ki, belə bir müqavilə yoxdur, o mənbəşünaslıq əsaslarından məhrumdur.

Ermənistanın qədim və orta əsrlər tarixi, tarixi coğrafiyası və kartoqra­fiyası üzrə mütəxəssis B.Arutyunyan (1941-2003) rəsmən bəyan etdi ki, belə bir müqavilə mövcud deyil. Bu müqavilə mövcudluğuna görə yalnız erməni tarixşünaslığına borcludur. O, həmçinin bildirdi ki, erməni elmi bu köhnəlmiş konsepsiyadan imtina edir və yeni konsepsiya yaradılmasına başlayır. Lakin həmin konfransdan xeyli müddət keçməsinə baxmayaraq ermənilər hələ də belə bir konsepsiya yarada bilməyiblər.

IV-VII əsrlərdə erməni çarlığı­nın ləğvindən sonra ermənilərin yer üzündən silinmək təhlükəsi yarandı. Roma və onun siyasətini davam etdirən Bizans bu sahədə konkret siyasi xəttə malik olub. Erməni tarixçisinin yazdığı kimi, Bizans erməni dövlətçiliyini məhv etməyə, erməni torpaqlarını işğal etməyə, tutulmuş torpaqlarda erməniləri assimiliyasiya etməyə cəhd edib. Sasani imperiyası da 428-ci ildə ermənilərin hakimiyyətinə son qoydu. Uzun müddətli Bizans-Sasani müharibələrindən (582-602; 604- 629) sonra isə ermənilər Bizansın hakimiyyətinə keçdi. Belə bir şəraitdə ermənilərin yalnız əvvəlki tarixşünas­lıq ənənəsilə yaşamaqdan başqa çarəsi yox idi.

Erməni tarix saxtalaşdırıcıla­rının VII--XVI əsrləri əhatə edən əsassız iddialarına münasibət bildirən alim daha sonra dedi:

– Tarixi həqiqət budur ki, əvvəlcə Ərəb xilafəti, sonra isə türk-müsəlman dövlətlərinin siyasəti ermənilərə nisbi inkişaf və sabitlik gətirdi. Məhz bunun nəticəsində ermənilər təhlükədən xilas oldu və bundan istifadə edərək həmin ərazilərdə möhkəmlənməyə başla­dı. Erməni-qriqorian kilsəsi də bu prosesdə mühüm rola malik olub.

Türk müsəlman dövlətləri də ermənilərə xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar, necə deyərlər, erməniləri Bizansın əlindən xilas edib. Bir sıra erməni siyasi qurum­ları, o cümlədən, Kilikiya çarlığı (1080–1375) da bu dövrdə meydana gəlib. Daha mühüm bir hadisə isə Qaraqoyunlular dövründə baş verib. Cahanşah tərəfindən erməni qriqo­rian kilsəsi mərkəzinin1441-ci ildə Üçkilsəyə köçürülməsi ilə ermənilərin mövqeyinin möhkəmlənməsinə yeni stimul yaranıb. Ermənilər Ərəb xilafətinin dağılmasından sonrakı ənənəyə uyğun olaraq, bu dövrdə də Azərbaycan ərazisində meydana gələn məliklikləri özününkü hesab etməyə çalışır.

Ermənilərin “azadlıq hərəkatı” adlandırdıqları sonrakı dövrün tarixinə nnəzər salan professor Kərim Şükürov aşağıdakıları bildirdi:

– Ermənilərin Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir şərait meydana gəldi. Yeni yaranmış geostrateji vəziyyətdə Avropa üçün onun rəqibi kimi Osmanlı dövlətinin xristian əhalisi olan ermənilərin əhəmiyyəti artdı. Ermənilər də fürsətdən istifadə edərək Avropa dövlətlərindən Osmanlı və Səfəvi hakimiyyətinə qarşı mübarizədə vasitəyə çevrilməyə başladı. Erməni tarixşünaslığı bunu azadlıq hərəkatı kimi qələmə verməyə şalışır. Bu məsələ erməni tarix konsepsiyasının əsaslarından birinə çevrilmişdir. “Bö­yük Ermənistan” mifindən çox bəhs edildiyi halda bu məsələ diqqətdən kənarda qalmışdır.

Erməni azadlıq hərəkatı kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555 və onu təsdiq edən 1639-cu il müqaviləsi ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsisinin, yəni Qərbi Azərbaycan torpaqlarının isə Səfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Ro­ma-Sasani müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur. Tarixi faktlar 387-ci il müqaviləsi kimi, 1639-cu il müqaviləsi barədə erməni müddəasını təsdiq etmir.

“Erməni məsələsi”nin Avropa dövlətlərində – qitənin həm qərbində, həm də şərqində siyasi arenaya gətirilməsinin tarixcəsinə nəzər salan tədqiqatçı dedi:

– Ermənilər XVI–XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tutdular, lakin əvvəlcə burada uğur əldə edə bilmədilər. Qərbi Avropa dövlətləri güclü Osmanlı imperiyası ilə münaqişəyə ehtiyatla yanaşdıq­larından ermənilərlə xəyanətkar əməkdaşlığa ciddi əhəmiyyət vermədi. Ermənilərin antitürk, antiis­lam missiyası Rusiyaya yönəldildi.

Ermənilərin Rusiya orientasi­yası nəticəsiz qalmadı. Rusiyanın da ermənilər ilə siyasi yaxınlaş­ması genişləndi. Rusiyanın Qaf­qaz, ümumən Şərq siyasətində ermənilərdən bir vasitə kimi istifadə edilməsi xarici siyasətdə prioritetlərdən birinə çevrildi. Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermənilərin təşkilatlandırılması dövlət siyasəti oldu. Azərbaycan torpaqlarının alter­nativ fikir olmadan erməni torpaqları kimi təqdim edilməsi də Rusiyanın siyasi dairələrində təsirini göstərdi.

Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarını işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümumiliklə eyni zamanda, yeni nü­anslar da yarandı. Erməni ənənəsinə uyğun olaraq erməni dövləti üçün IV əsrdə yaradılan konsepsiya bu dəfə də Qarabağ məliklikləri üçün uydurul­mağa başladı.

Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından son­ra onu vilayətə çevirdi, burada müvəqqəti idarə yaradıldı. Beləliklə, ilkin vəziyyətə görə Rusiyaya müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi İrəvan xanlığında da vilayət quruluşu­nun təmin edilməsi nəzərdə tutulurdu. Ermənilər isə vəziyyəti öz xeyrinə dəyişməyə çalışırdı. Lazarevin 1827-ci ilin sonlarında tərtib etdiyi “xüsusi layihə”də yenə də muxtar erməni dövlətinin bərpasından bəhs edilirdi.

Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət son­ra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi. Beləliklə, ermənilər Erməni vilayəti kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketsi bundan istifadə edərək müsəlmanların sıxış­dırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı.

Bununla eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilsə də, ermənilərin ondan məharətlə istifadə etməsi xüsusi qeyd edilməlidir. Bu şərtlər daxilində İran və Osmanlı dövlətindən 130 mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçı­van və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər siyasi statusla birlikdə demoqrafik yüksəliş də əldə etdilər.

Ermənilər siyasi statusdan fərqli olaraq kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular. 1836-cı ildə erməni-qriqorian kilsəsi haqqında əsasnamə onun hüquqi vəziyyətini stabilləşdirdi. Alban kilsəsi ilə tarixi mübarizə də erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin Erməni vilayətində də təsirli rola malik oldu.

İlk vaxtlar İrəvan vilayətinin, sonra isə bütövlükdə, Erməni vilayətinin siyasi mərkəzi kimi İrəvan şəhəri müəyyən edildi. Ehsan xanın siyasəti nəticəsində Naxçıvanda yerli hakimiyyətin möhkəmlənməsi ilə ermənilərin burada fəaliyyətinin aradan qaldırılması onların İrəvan ətrafında siyasi intriqasını daha da gücləndirdi. Çar hökuməti də İrəvanın Rusiya işğalına qarşı kəskin müqavimətini, onun strateji əhəmiyyətini və ermənilərin işğal prosesindəki rolunu nəzərə alaraq vəziyyətini möhkəmləndirməyə çalışdı.

Bütün bunlara baxmayaraq Erməni vilayətində olduğu kimi, İrəvan şəhərində də onlara ayrılan missiyanı yerinə yetirə bilmədi. Ermənilər daha çox gəlir əldə etmək məqsədi ilə işğaldan sonra iqtisadi həyatı canlanan Tiflis, Gəncə, Şamaxı, Bakı və digər şəhərlərə meyl edirdilər. İrəvanın vilayətin ləğvindən sonra qəza şəhərinə (1840–1849), sonra isə quberniya şəhərinə çevrilməsi də vəziyyəti dəyişmədi. İrəvan əhalisinə, şəhər həyatının xüsusiyyətlərinə görə Azərbaycan şəhəri kimi varlığını davam etdirməkdə idi.

Bütün XIX əsr boyu Qərb dövlətlərində də “Erməni məsələsi” qızışdırılaraq Anadolunun şərqində Ermənistan dövləti yaradılması­na yönləndirildi. Birinci Dünya müharibəsi dövründə Antanta dövlətləri həm Anadoludakı, həm də Qafqazdakı erməniləri Osmanlı dövlətinə qarşı silahlı mübarizəyə təhrik etdi. Anadoluda Ermənistan yaratmaq baş tutmayanda erməni siyasi-hərbi dairələri ümidlərini Rusiya imperiyasına yeni don biçən bolşeviklərə bağladılar.

Nəhayət, 1920-ci ildə bolşeviklərin xeyir-duası ilə tarixi Azərbaycan torpaqlarında zaman-zaman gəlmə ermənilər üçün res­publika, 1923-cü ildə isə ölkəmizin mərkəzi vilayəti Qarabağda muxtar vilayət yaradılmasının xalqımızın ta­rixi taleyinə qəsd olduğunu söyləyən professor Kərim Şükürov 33 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin siyasi köklərini də bu tarixi məqamla əlaqələndirdi:

– Azərbaycanın üzvi tərkib ərazisi Qarabağın dağlıq hissəsi məzmununda coğrafi anlayış bildirən “Dağlıq Qarabağ” ifadəsi Birinci Dünya müharibəsinin sonlarında terminləşməyə, yəni konkret siya­si məna kəsb etməyə başladı. Çar Rusiyası tərkibində Qarabağ ərazisi müxtəlif inzibati bölgülərə məruz qalmış, onun ərazi bütövlüyü pozul­muşdu. Yalnız Xalq Cümhuriyyəti dövründə onu bərpa etmək mümkün olmuşdu.

Rusiya Bolşeviklər Partiyası Zaqafqaziya Komitəsinin Dağ­lıq Qarbağda məsul nümayəndəsi olmuş erməni S. Şaduns 1922-ci ilin 20 dekabrında yazmışdı: “Dün­ya müharibəsi dövründə daşnaklar tərəfindən yaradılmış yeni termin– Dağlıq Qarabağ əmələ gəldi. Daş­naklar Ermənistanda hakimiyyəti ələ aldıqdan sonra yenidən Dağlıq Qara­bağ uğrunda mübarizəyə girişdilər”. Ermənistanın sovetləşməsindən sonra da bu mübarizə davam etdirildi, nəhayət, Azərbaycanın tarixi torpaq­larında Ermınistan dövlətindən əlavə, muxtar vilayət də yaradıldı.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti ilə Dağlıq Qarabağ Mux­tar Vilayətinin yaradılması Qarabağın bütövlüyünü yenidən və qəti şəkildə pozdu. DQMV-nin ərazisi elmi-coğ­rafi yox, volyuntarist prinsip əsasında formalaşdırıldı. Yəni o, erməni yaşa­yan məskənlərin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirməklə təşkil edilmişdi. Qeyd etmək lazımdır ki, bu prinsipi əsas götürməklə dünyanın əksər ölkəsi və ya iri şəhərində kompakt yaşayan hər hansı gəlmə əhalinin inzibati-siyasi qurumunu təşkil etmək mümkündür. Belə ki, Nyu-Yorkda Çin məhəlləsi əsasında çinlilərə, yaxud müvafiq qaydada yaponlara muxtariyyət tələb etmək olar.

Qarabağın bütövlüyü parçalanıb onun dağlıq hissəsində muxtar vilayət təşkil edilərkən iş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri MDQV-nin sərhədləri daxilində qal­mış, inzibati tabeçilik dəyişdirilmişdi. MDQV-nin əsasnaməsini hazırlayan komissiyanın qərarına görə, (1923, iyul) onun tərkibinə 170-dən çox ya­şayış məskəni qatılmışdı.Azərbaycan Mərkəzi Statistika İdarəsi 1924-cü ilə aid məlumatında həmin məskənlərin sayının 200-dən çox olduğunu göstərmişdi. Bu sübut edir ki, faktik olaraq DQ-nin ərazisi əlavə yaşayış məskənləri hesabına artırılmışdı.

Beləliklə, “Dağlıq Qarabağ” an­layışının özünəməxsus tarixi olduğu və ermənilərin separatçı siyasətinə uyğun mürəkkəbləşdirilmə kəsb etdiyi aydınlaşır: bu anlayış daşnak­lar tərəfindən yaradılmışdır; coğrafi baxımdan real dağlıq Qarbağı deyil bilərəkdən ermənilərin üstün olduğu ərazi əsas götürülməklə məqsədyönlü şəkildə formalaşdırılmışdır; xüsu­si bir ölkə kimi təqdim edilməyə başlamışdı; buna uyğun olaraq onun siyasiləşdirilməsi və etnosizasiyasına (erməniləşdirilməsinə) göstərilən cəhdlər geniş hal almışdır və i.a.

Təəssüf ki, sonrakı onilliklərdə Azərbaycan tərəfinin siyasi lek­sikonunda bu reallıqlar nəzərə alınmayıb və Dağlıq Qarabağın həqiqi məzmununa uyğun anlayışın bərpasına əhəmiyyət verilməyib. Tarixdən göründüyü kimi, Azərbaycan Ermənistanın tarixi rəqabətinə və bəzi mərhələlərdə kəskinləşərək açıq düşmənçiliyə çevrilən münasibətlərinə uzun müddət dözümlülüklə yanaşıb.

1980-ci illərin sonlarında SSRİ-nin dağılması və müstəqillik uğrunda mübarizənin genişləndiyi taleyüklü bir dövrdə Ermənistanın azərbaycanlılara qarşı deportasiyası, soyqırımı və ərazi iddialarını yenidən gündəmə gətirməsi, ölkədaxili se­paratist qüvvələrə dəstək verməklə, əslində, onun dövlətçiliyini məhv etmək istəyi Azərbaycanın siyasi rəhbərliyində tarixi təcrübədən irəli gələn ciddi addımlar atılmasına səbəb oldu. Bu, sadəcə Azərbaycanın keçmişi ilə deyil, onun bu günü və gələcəyi ilə bağlı olan bir məsələ idi.

Ermənistan isə özgə torpağında dövlət yaratmağın mümkünlüyündən şirnikərək ötən 33 ildə Dağlıq Qarabağı özünə birləşdirmək üçün beynəlxal hüquqa meydan oxuyan açıq işğalçılıq siyasətinə bel bağladı.

Son günlərdə Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycanın apardığı əks-hücum əməliyyatı ilə bağlı dünya birliyinin mövqeyi isə bir daha göstərir ki, tarixin indiki dönəmində işğal yolu ilə ərazilər qazanmaq mümükün deyil.

Xalq” qəzeti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

 

  • Paylaş: