Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin dönməz rəhbər və komandan iradəsi ilə ölkəmizin bütün vətəndaşlarını bir yumruq kimi birləşdirərək müqəddəs vətən müharibəsinə qaldırması bütün vətən övladlarının ürəyini dağa döndərmiş, xalqın gücünü bir dağ selinə çevirərək xain və qəddar düşmənlə mübarizədə səfərbər etmişdir.
Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz hər gün yeni bir tarix yazır. İndi hər kəs anlayır ki, çağdaş tariximizin dönüş anlarını yaşayırıq, hadisələrin müasiri və iştirakçısı olduğumuzdan baş verənlərin əzəmətinin və tarixi əhəmiyyətinin fərqinə lazımınca varmırıq. Hər bir vətəndaşımıza, xüsusən tarix və siyasətlə maraqlananlara yaxşı məlumdur ki, dövlətçilik tariximizdə Azərbaycan Səfəvi dövlətinin bəzi hökmdarlarının zamanını və Nadir şahın qurduğu Əfşarlar dövlətinin qısa müddətlik hakimiyyət illərini istisna etsək, son iki əsrdə ilk dəfədir ki, itirilmiş torpaqlarımızı geri alırıq və bu milli vəzifənin sona qədər icrasında dövlət və xalq olaraq qərarlı və qətiyyətliyik. Bu iradə və qətiyyəti isə xalqımıza və ordumuza bəxş edən Prezident İlham Əliyevdir.
Məlumdur ki, işğallar, xalqlarının ədalətsizcəsinə bölünməsi və tarixi coğrafiyalarının zorla dəyişdirilməsi kimi antibəşəri hallar bizim xalqdan da yan keçməmişdir. Tarixə nəzər salanda görürük ki, XIX əsrin ilk illərindən başlanan rus işğalı nəticəsində alçaldıcı və hiylələrlə dolu Türkmançay müqaviləsi (1828-ci il) eramızın birinci minilliyində formalaşmış vahid Azərbaycan coğrafiyasının və Azərbaycan xalqının bölünməsinə və beləliklə millətimizin taleyində iki fərqli inkişaf istiqamətinin meydana çıxmasına səbəb oldu. Müqavilə şərtlərinə uyğun olaraq ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb yerləşdirilməsi ilə Qafqazın qara yarası olan erməni məsələsinin də təməli qoyuldu. Bu illər ərzində Azərbaycanın şimalının ana vətənin əsas və böyük hissəsindən ayrı salınmasının dərin fəsadları olsa da, tarixi-siyasi proseslər nəticəsində 1918-ci ildə Azərbaycan adında ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin, XX əsrin axırlarında isə bu günki müstəqil Azərbaycan Respublikasının məhz bu coğrafiyada qurulması mümkün oldu. Lakin tarixi prosesləri təhlil edəndə həm də görürük ki, bir sıra şəhərlərimiz, bölgələrimiz rus imperializmi zamanı özgələşdirilmiş və indiki Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmışdır. Bu acı tarixi reallığa baxmayaraq 1991-ci ilin 18 oktyabrında ölkəmiz öz dövlət müstəqilliyini bərpa edəndə tarixi haqqı olsa da, heç bir dövlətə (Rusiya, Ermənistan, Gürcüstan) ərazi iddiası qaldırmadı və indi də qaldırmır.
Keçən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarından siyasi və hərbi dəstək alan Ermənistanın Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal etməsi və bir milyonadək vətəndaşımızı öz doğma yurdlarından didərgin salaraq qaçqın və məcburi köçkün halına salması ilə yenə ərazi bütövlüyümüz pozuldu. Bütün bunlar müstəqilliyin ilk illərində gözümüzün qabağında baş vermişdi və biz 30 ilə yaxındır ümidlə dünyanın ali təşkilatlarının sülh yolu ilə bu işğala son qoymağa yardım edəcəklərini gözləyirdik. Zaman göstərdi ki, işğal etdiyi münbit Azərbaycan torpaqlarında, şəhər və kəndlərində yerini bərkidən düşmənin niyyəti onlara heç vaxt aid olmamış bu torpaqları əsl sahiblərinə qaytarmaq deyildir, əksinə bu torpaqları birdəfəlik özününküləşdirmək və daha yeni-yeni ərazilər ələ keçirməkdir. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin bu məkrli niyyətlə ölkəmizə yeni həmləsi səbr kasası daşmış qocaman bir xalqın artıq bu dəfə heç bir işğalçı qüvvə ilə barışmayacağını ortaya qoydu.
Adətən işğallar, xalqın milli heysiyyətini alçaldan ədalətsiz hərəkətlər, qəddar müstəmləkəçilik siyasəti buna qarşı həmişə xalqların təbii etirazlarını, üsyanlarını və nəhayət mütəşəkkil milli azadlıq müharibələrini doğurmuşdur və tarixdə bunun çoxlu nümunələri vardır. Bu cür hərəkatlar yalnız həmin xalqların konkret zaman çərçivəsində yetişdirdiyi liderler sayəsində müvəffəqiyyətə nail ola bilmişlər. 2003-cü ildən Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, sözü və əməli ilə hər zaman xalqın yüksək etimadını qazanan və xalqın ümidlərini doğruldan Prezident İlham Əliyev verdiyi sözə hər zaman əməl etdiyi kimi, yenə də əməl etdi və azğın düşmənə qarşı xalqımızı vətən müharibəsinə qaldırdı. Prezident hər zaman vurğulayırdı ki, Qarabağ müharibəsi bitməmişdir, onun birinci mərhələsi başa çatmışdır. Bu sözləri ilə Azərbaycan Prezidenti həmişə xalqımızın qəlbində və zehniyyətində qələbə əzmini yaşatmışdır. Bizim nəslin mənsublarının yaxşı yadındadır ki, Azərbaycan dövlətinin qurucusu və qoruyucusu olaraq 1994-cü ildə, o zamanın ağır şərtləri altında atəşkəsə razılıq verən ulu öndər Heydər Əliyev bu günün güclü və qüdrətli, dayanıqlı inkişaf edən və dünya birliyində ləyaqətli yer qazanan Azərbaycan dövlətinin etibarlı təməlini qoymuşdu və əmin idi ki, onun həyata keçirməyə macal tapmadıqlarını siyasi varisi İlham Əliyev həyata keçirəcəkdir.
Vətən müharibəsinin ötən günləri onu göstərir ki, haqlı dava üçün bütün xalqımız bir yumruq olub düşmənin başını əzməkdədir. Azərbaycan xalqı üçün artıq ağlamaq, sızıldamaq, müxtəlif dövlətlərə və təşkilatlara xahişlə müraciətlər etmək, onlardan ədalət ummaq zamanı bitdi. Düşməni torpağımızdan qovub çıxarana qədər ona qan uddurmalı, onların analarını göz yaşlı qoymalıyıq. El diliylə deyilsə: “yalvarmaqla donuz darıdan çıxmaz”. Bu gün Azərbaycan Prezidenti və Azərbaycan Ordusu azğın düşmənlə onun anlayacağı dildə danışır. Bütün Azərbaycan xalqı bir nəfər kimi bu ritorikanı ürəkdən bəyənir. Bunun ayrı adı yoxdur: “Düşməni iti qovan kimi torpaqlarımızdan qovuruq”. Prezident İlham Əliyevin dünyanın demək olar ki, əsas aparıcı televiziya kanallarına verdiyi müsahibələrdəki şərhləri, izahları, birmənalı mövqeyi və çağırışlarına dünya yenə qulağını tıxıb, gözlərini yumacaqsa, təcavüzkar Ermənistanla onun təcavüzünün qurbanı Azərbaycanı eyniləşdirərək bizi atəşkəsə səsləyəcəksə, deməli o zaman heç bir ədalət və hüquqdan danışmağa dəyməz. Belə olanda isə, məntiqi olaraq silahlar danışmalıdır.
Diqqətəlayiqdir ki, prezident İlham Əliyevin qətiyyəti bu gün hər bir azərbaycanlıya sirayət edir, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda. Xalqımızın korşadılmış tarixi yaddaşı yenidən itilənməyə başlayır. Çünki ağrı-acılarıyla, qurbanları və qaziləriylə bərabər, müharibə həm də millətin özünü tanımasına, özgüvənə sahib olmasına, qələbə çalmaq əzminə malik olmasına yol açır.
Müharibə kimin həqiqi qardaş, etibarlı dost olduğunu da sınağa çəkir. Uzaq-yaxın tariximizi bilənlər də, bilməyənlər də bu gün Prezidentimizin, dövlətimizin və ordumuzun yazdığı tarixdən dərs almalıdırlar. Vətəni yüksək milli-vətənpərvərlik ruhuna malik olan, onun hər qarış torpağının qədrini bilən, xalqımızın dilinə, ədəbiyyatına , tarixinə, ənənlərinə sahib olan vətəndaş qoruyur, onun naminə ölümə də tərəddüd etmədən gedir. Belə vətən övladları da milli təhsil zəminində uşaqlıq-yeniyetməlik çağlarından ailədə və təlim-tərbiyə ocaqlarında yetişməlidir. Buna görə düşünürəm ki, qalibiyyətli Vətən müharibəmizdən sonra həyatımızda bir çox meyarlar dəyişməlidir və dəyişəcək də. Nəhayət, biz də başımızı ulu əcdadlarımız kimi, tarixi qəhrəmanlarımız kimi dik tutmağı bacaracağıq və qürurla “Biz böyük xalqıq!” deyəcəyik.
Erməni təcavüzünə son qoymaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün danışıqlar prosesinə sadiq qalmaqla yanaşı, 2003-cü ildən bəri torpaqlarımızı işğaldan qurtarmaq üçün ordu quruculuğuna daim yüksək diqqət verən və bunun üçün vəsait əsirgəməyən prezident İlham Əliyevin sentyabrın 27-də düşmən həmləsinə qarşı genişmiqyaslı əks hücum əməliyyatına başlamaq üçün əmr verməsi otuz illik “təmas xəttini” darmadağın etdiyi kimi, “yenilməz erməni ordusu” mifini də dağıtdı. Azərbaycan xalqı tarixdə ilk dəfə itirdiyi torpaqları düşməndən azad etməyə başladı. Bu gün dördüncü həftədir ki, davam edən bu azadlıq müharibəsi yalnız cəbhə xəttində deyil, ən müxtəlif səviyyələrdə də gedir. Ali Baş Komandan İlham Əliyevin dərin strateq məharəti, sarsılmaz qətiyyəti və iradəsi ilə müzəffər ordumuz artıq üç rayonumuzu, onlarla kəndimizi, çox mühüm strateji əhəmiyyətli məntəqələri azad etmişdir və düşmənə ağır sarsıdıcı zərbələr vura-vura qalan şəhər və kəndlərimizi də tamamilə azad etməkdədir. Tam əminik ki, xalqımızın Qarabağ savaşını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz qalibiyyətlə başa çatdıracaqdır. Şəhər və rayonlarımızın erməni quldurları tərəfindən 1991-1994-cü illərdə müxtəlif işğal tarixləri olsa da, mənfur düşmən üzərində qələbəmizin və torpaqlarımızın azad edilməsinin bir tarixi olacaqdır - 2020-ci il.
Eynulla MƏDƏTLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.