Astronomlar bizim Qalaktikanın kənarlarında eyni vaxtda seyrək halda dörd qrup ulduz aşkar ediblər. Bu ulduz qrupları üç milyard il əvvəl Süd Yolunun “yan tərəfdən” cırtdan qalaktikalardan biri ilə toqquşması nəticəsində yaranıb. Tədqiqatın nəticələri “Astrophysical Journal” nəşrində dərc edilib.
TASS informasiya agentliyi xəbər verir ki, araşdırmanın müəlliflərindən biri, Renseller Politexnik İnstitutunun (ABŞ) astronomlarından Tomas Donlonun sözlərinə görə, digər qalaktikalarda, xüsusən sferik olanlarda bu cür ulduz qrupları çox böyükdür ki, bu da onların mənşəyini əyani göstərir. Müəyyən edilib ki, qalaktika toqquşmalarının bənzər izləri Süd Yolunda da var. İzlərin fərqli görünməsinin səbəbi bizim qalaktika daxilində yerləşməyimizlə bağlıdır.
Astronomlar hesab edirlər ki, kosmosda qalaktikaların toqquşması və çulğaşması, demək olar, daim baş verir. NASA-nın qiymətləndirməsinə görə, görünən qalaktikaların təxminən dörddəbiri artıq müvafiq qəzanı yaşayıb. Bu cür hadisələr səbəbindən yeni ulduzların yaranması prosesi kəskin sürətlənir. Kainatın mövcudluğunun ilk dövrlərində bənzər kataklizmlər daha tez-tez baş verə bilərdi.
Uzun müddət alimlər bu fikirdə idilər ki, bu cür hadisələr Süd Yolu qalaktikasından yan keçib. Ötən ilin sonunda avropalı astronomlar müəyyən ediblər ki, bu təsəvvür yanlışdır. Onlar Süd Yolunun digər qalaktikalarla, təqribən 5,7, habelə 1,9 və 1 milyard il əvvəl toqquşması nəticəsində yarandığı güman edilən bir neçə ulduz populyasiyası aşkar ediblər.
Tədqiqatçıların fikrincə, əsasən bu toqquşmalar səbəbindən kiçik qalaktikalar Süd Yoluna yaxınlaşanda tamamilə dağılıb, onların görünən tünd materiyası isə özlərinin və digər regionların kənar tərəfinin bir hissəsinə çevrilib. Süd Yolu qalaktikasının ətrafından kifayət qədər böyük məsafədə dövr edən ulduzlardan, qazdan və tozdan ibarət nazik “lent” də həmin hadisədən xəbər verir.
Lakin digər tərəfdən, uzaq qalaktikaların müşahidələri göstərir ki, bənzər “kosmik qəza hadisələri” zamanı kiçik qalaktikalar dərhal dağılmır. Bəzən onlar bir neçə dəfə böyük qonşu qalaktikaların arasından ötüb keçməyi bacarır. Nəticədə sağ qalan qalaktikanın kənarında bir çox ulduz qrupu meydana gəlir. Onların xarakterik “çətir” forması məhv olmuş qalaktikanın trayektoriyasını təkrarlayır.
Əvvəllər astronomlar zənn edirdilər ki, Süd Yolunda ulduzların belə “çətirli” toplanması yoxdur. Lakin bizim Qalaktikanın kənarlarında ulduzların hərəkət sürətini ölçən amerikalı astronomlar eyni vaxtda səma cisimlərindən ibarət bənzər dörd qrup aşkar ediblər.
Donlon və həmkarlarının diqqətini cəlb edən Süd Yolunun uzaq girəcəyindəki Herkules və Qız bürclərindəki iki oblast olub. Orada ulduzların və qaz buludlarının miqdarı qeyri-adi dərəcədə çoxdur. Alimlərin fikrincə, orada Süd Yolu və onun ətrafındakı qalaktikaların toqquşmalarının izini tapmaq mümkündür.
Astronomlar bu hipotezi yoxlamaq üçün yerüstü teleskoplar və GAIA orbital rəsədxanasının köməyilə Qalaktikamızın müvafiq ərazilərində mavi nəhənglərin və ən parlaq dəyişən ulduzların hansı sürətlə və hansı istiqamətdə hərəkətlərini aydınlaşdırıblar. Məlum olub ki, onların daxilində eyni vaxtda “çətir” formasında toplaşan dörd qrup səma cismi olub. Əvvəllər onların mövcudluğu alimlər üçün bəlli deyildi.
Donlon və həmkarları həmin qruplardakı səma cisimlərinin xüsusiyyətlərini və yaşını ölçərək bu nəticəyə gəliblər ki, ulduz qrupları təqribən 2,7-3 milyard il əvvəl – kiçik qalaktikanın Süd Yolunun mərkəzi oblastından keçdiyi və dağıldığı zaman yaranıb.
Tədqiqatçılar deyirlər ki, bu hadisənin kəşfi Qalaktikamızın spiral qollarının yaranmasını Süd Yolunun digər qalaktikalarla ilk toqquşmalarından biri ilə əlaqələndirən nəzəriyyəni şübhə altına qoyur. Güman edilir ki, bu, təqribən 8-11 milyon il əvvəl yaranıb. Ulduzların “çətir” formada qruplarının gələcəkdə müşahidə olunması daha çox məlumat əldə edilməsi baxımından faydalı olacaq.