Oktyabrın 28-də AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin üzvləri ilə görüşüb.
AMEA-nın Əsas binasında baş tutan görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və gənc alimlər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, son bir ayda müasir Azərbaycan tarixinin ən şanlı dövrünü yaşayırıq və bu şərəfli günləri bizə bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Ali Baş Komandan İlham Əliyevin həm cəsarətli sərkərdə, həm də yüksək peşəkarlığa malik diplomat kimi qətiyyət, siyasi iradə nümayiş etdirdiyini deyən Ə.Sadıqov bu gün düşməni ən çox qorxudan nüansın ölkəmizdə nümunəvi prezident-xalq-ordu birliyinin olmasının olduğunu söyləyib.
Ə.Sadıqov Azərbaycan Milli Elmlər Akademiyasının son bir ayda ölkəmizdə baş verən proseslərdə yaxından iştirak etdiyini, müharibənin başladığı ilk saatlardan AMEA Rəyasət Heyətinin Qarabağın azadlığı məsələsində Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və bütün imkanları ilə ordumuzun yanında olduğunu bəyan etdiyini diqqətə çatdırıb. Natiq bu dövr ərzində başda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev olmaqla, Rəyasət Heyətinin üzvlərinin, institut direktorları və alimlərimizin yerli və xarici mətbuatda məqalələri, müsahibələri ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb. Qeyd edib ki, akademik Ramiz Mehdiyevin çağırışı ilə AMEA-nın 48 elmi müəssisə və təşkilatından Silahlı Qüvvələrin Yardım Fonduna 350 min manat ianə köçürülüb, Yüksək Texnologiyalar Parkı və digər qurumlar tibb məntəqələri və hərbi hissələrə çox sayda zəruri tibbi ləvazimatlar, mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib, həmçinin alimlərimiz qan vermək üçün növbələrə yazılıblar.
Bu gün baş verən proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən alim onların ilk növbədə yüksəkixtisaslı, müasir texnologiyalara bələd, peşəkar kadr olmaq üçün səy göstərmələrinin zəruriliyini vurğulayıb. "Ölkə başçısının çıxışlarını diqqətlə izləməli, nəticələr çıxarmalı və öz fəaliyyətimizi bunun əsasında qurmalıyıq. İnformasiya müharibəsində ölkəmizin əleyhinə aparılan kampaniyalara elmi, intellektual gənclər tutarlı cavab verməli, ayıq-sayıq və digər həmvətənlərimizə nümunə olmalıdırlar", - deyə Ə.Sadıqov diqqətə çatdırıb.
Qarabağı Azərbaycanın mədəni beşiyi, dilbər guşəsi adlandıran natiq 30 il ərzində işğalçıların qeyri-qanuni istilası nəticəsində sözügedən ərazidə meşələrin məhv edildiyini, təbii sərvətlərimizin qısa müddətdə talanmağa çalışıldığını, eləcə də toponimlərimizin dəyişdirildiyi söyləyib, burada gələcək elmi tədqiqatlar üçün geniş mövzuların olduğunu bildirib.
Bundan əlavə, gənc alimlərin fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurmağı tövsiyə edib, pandemiyanın düşmən qədər təhlükəli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov bütün gəncləri şanlı ordumuzun qazandığı qələbələr münasibətilə təbrik edib. O, ordumuzun Dağlıq Qarabağda həyata keçirdiyi zəfər yürüşünün dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb. F.Kazımov düşmən üzərində mübarizənin müxtəlif cəbhələrdə aparılmasının vacibliyinə toxunub və bu istiqamətdə akademik fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
AMEA gənclərinin "Researchgate", "Akademia.edu" kimi akademik sosial şəbəkələrdə aktivləşməsi üçün Elm və təhsil idarəsinin həyata keçirdiyi tədbirləri xatırladan alim Azərbaycan həqiqətlərinin elmi üslubda dünyaya çatıdırılması üçün vacib işlərin görüldüyünü söyləyib, bu istiqamətdə çap olunmuş elmi əsərlərin akademik sosial şəbəkələrdə yerləşdirilməsinin vacibliyini bildirib. "Bu, xarici alimlər tərəfindən ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı dolğun məlumatların əldə olunmasında böyük rol oynayır", - deyə F.Kazımov iştirakçıların diqqətinə çatdırıb. Alim çıxışının sonunda Azərbaycan gənclərini informasiya müharibəsində daha aktiv olmağa, bu istiqamətdə dövlətimizin tövsiyə və qərarlarına riayət etməyə çağırıb, tez bir zamanda tarixi qələbəmizin elan olunacağına öz əminliyini ifadə edib.
Görüşdə Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edərək bu gün ölkəmizdə misli görünməmiş birliyin nümayiş etdirildiyini, kitablarda oxuduğumuz Vətən sevgisinin canlı şahidi olduğumuzu deyib. Qeyd edib ki, bu gün ölkə başçısı İlham Əliyev diplomatiyası, əzmi, qətiyyəti, səbri ilə dünyanı heyran qoyub.
O, hazırda xaricdə təhsil alan gənclərimizin aktivlik nümayiş etdirdiyini, ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini dünyada tanıtdıqlarını söyləyib. Bundan əlavə, son aylarda AMEA alimlərinin beynəlxalq proqram və layihələrdə iştirakının statistikasını təqdim edib, göstəricilərin sevinməyə əsas verdiyini deyib.
Daha sonra çıxış edən AMEA GAMŞ sədri Famin Salmanov son hadisələrin ölkəmizin suveren dövlət kimi heç bir xarici qüvvədən asılı olmadan müstəqil siyasət apardığımızı bir daha sübut etdiyini söyləyib. Qeyd edib ki, bu gün super güclərin əsirinə çevrilmiş ermənilərin acizliyinə və dövlət terroruna bütün dünya şahidlik edir və onların gerçək xisləti açıq şəkildə özünü büruzə verir.
"Bütün Azərbaycan cəmiyyəti, o cümlədən gənc alimlərimiz müasir hərb tariximizdə qeydə alınan bu böyük qələbəmizi şərtləndirən əsas amillər sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və mətin siyasi iradəsini, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin sarsılmaz əzmini və günü-gündən artan qüdrətini görür və təqdir edir", - deyə Famin Salmanov vurğulayıb.
Şura sədri Ali Baş Komandanın liderliyi ilə qazanılan qələbələrin, o cümlədən 30 ilə yaxın erməni işğalı altında qalan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, həmçinin digər rayonlara məxsus qəsəbə, kənd və hərbi strateji əhəmiyyətli yüksəkliklərin, qədim tarixi memarlıq abidəsi hesab edilən Xudafərin körpüsünün azad edilməsinin Azərbaycanın şanlı zəfər tarixinin ən çox vərəqlənən səhifələri olacağını söyləyib.
Prezident İlham Əliyevin son bir ayda 25-ə yaxın xarici televiziya və kütləvi informasiya vasitələrinə müsahibə verdiyini xatırladan F.Salmanov ölkə başçısının Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırdığını, beynəlxalq siyasi arenada master klas nümayiş etdirdiyini deyib. Alim ölkə rəhbərliyi tərəfindən uğurlu daxili və xarici siyasətin, iqtisadi layihələrin həyata keçirildiyini, nəticədə müasir texnologiyalara əsaslanan güclü ordumuzun formalaşdırıldığını bildirib, bu gün hər kəsin Ali Baş Komandanın ətrafında sıx birləşdiyini vurğulayıb.
"Azərbaycanın çoxsaylı gənc alim və tədqiqatçısını özündə birləşdirən Gənc Alim və Mütəxəssislər Şurası həmişə olduğu kimi bu gün də cənab prezidentimizin yürütdüyü siyasəti alqışlayır, belə həssas və məsuliyyətli dönəmdə ölkəmizin və ordumuzun vətən uğrunda apardığı mübarizəni dəstəkləyir. Törədilən təxribatlar nəticəsində həlak olmuş dinc sakinlərimizə və torpaqlarımızın azad olunması uğrunda canından keçən vətəndaşlarımıza Allahdan rəhmət diləyir, ordumuza bu haqq mübarizədə yeni nailiyyətlər arzulayır. Azərbaycanın gənc alimləri böyük zəfərin şanlı komandanı kimi Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər ordusuna minnətdarlığını bildirir, ölkəmizin xoşbəxt gələcəyi və güclü dövlət kimi daha da inkişaf etdirilməsi hədəfində yeni bənzəri olmayan nailiyyətlər arzulayır", - deyə qeyd edib.
Sonra AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova, Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Aida Dadaşova və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb, səslənən tövsiyələr istiqamətində müvafiq addımların atılacağını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.