Son zamanlar qlobal istiləşmə ilə əlaqədar ağacların budama yerlərində çürümə prosesinə bağlı xəstəliklərə daha çox rast gəlinir. İsti havalarda ərimə temperaturu yüksək olduğu üçün budama zamanı istifadə olunan qoruyucu laydan ibarət məlhəmlərin effektivliyi azalır. Yüngül zədələrdən fərqli olaraq, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə edilməsinə ehtiyac yaranır.
Bu problemlə əlaqədar bir neçə il bundan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən isti hava şəraitinə daha dayanıqlı məlhəmin hazırlanması üçün AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavoduna müraciət olunub. Bu məqsədlə zavodun Elmi-tədqiqat sınaq laboratoriyası tərəfindən bir neçə nümunə hazırlanaraq instituta göndərilib, bu nümunələrdən biri yüksək effektivlik nümayiş etdirib. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna təqdim olunan təcrübə nümunələri 1 hektar ərazidə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub.
Hazırda Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı həmin məhsulun kütləvi istehsalına başlanılıb. Bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.
Tam yerli xammal bazası əsasında hazırlanmış “Bağ məlhəmi”nin Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.