AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanada keçirilmiş “Heydər Əliyev və Azərbaycan elmi” adlı lektoriyada iştirak edib.
Tanınmış ziyalıların, AMEA-nın YAP ərazi partiya təşkilatlarının sədrlərinin, Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin iştirak etdiyi tədbirdə akademik Azərbaycan elminin və Milli Elmlər Akademiyasının formalaşması və inkişafında Heydər Əliyev–İlham Əliyev epoxasının xüsusi tarixi mərhələ təşkil etdiyini, elmin dövlət siyasətinin prioritet sahələrindən birinə məhz bu dövrdə çevrildiyini, alimlərin fəaliyyətinə göstərilən diqqət və qayğının elmi nailiyyətlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Ulu Öndərin Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində misilsiz xidmətlərindən söz açan alim Heydər Əliyevin ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət olduğunu, onun Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və incəsənətinə daima qayğı ilə yanaşdığını xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan elmi, ədəbiyyatı, incəsənəti məhz Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində bütün dünya miqyasında tanınıb.
Tədbirdə həmçinin MEK-in direktoru texnika e.d. Hüseyn Hüseynovun, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "İdrak nəzəriyyəsi" şöbəsinin müdiri fəl.e.d. Füzuli Qurbanovun və digər alimlərin çıxışları dinlənilib.
Tədbir çərçivəsində Ulu Öndərin Azərbaycan elminə verdiyi töhfələri və AMEA-nın inkişaf mərhələlərini özündə əks etdirən videosüjet nümayiş etdirilib, iştirakçılar Heydər Əliyevin siyasi irsinə dair nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, lektoriya Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.