AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılovun rəhbərliyi ilə Talış dağlarında və Kür çayının aşağı axınında tədqiqatlar aparılıb.
Ekspedisiyanın məqsədi Azərbaycan təbiətinin zəngin biomüxtəlifliyi, unikal strukturu ilə seçilən Talış dağlarının meşə, meşə-bozqır, bozqır ekosistemlərinin iri miqyaslı (1:100 000) xəritələşməsini aparmaq, landşaft-ekoloji müxtəlifliyini zaman-məkan konteksində tədqiq etmək, mövcud ekosistemlərin coğrafi informasiya bazasını yaratmaq, gələcək 40-50 illik dövr üçün ekosistemlərin inkişaf ssenarilərini modelləşdirmək və landşaftların təbii ehtiyat potensialının qiymətləndirilməsi və eyni zamanda Kür çayının aşağı axınında şirin su ekosistemlərinin dinamikasını tədqiq etmək olub.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun erməni işğalçılarına qarşı apardığı uğurlu hərbi əməliyyatlar, vətənimizin işğaldan azad olunması uğrunda verdiyi mücadilə bütün sahələrdə olduğu kimi elmi-tədqiqat işlərinin də daha dərindən və hərtərəfli şəkildə həyata keçirilməsini tələb edir. Bu baxımdan sözügedən tədqiqat xüsusi əhəmiyyətə malikdir.
Şöbə müdirinin sözlərinə görə, hazırda Hirkan meşə ekosisteminin yuxarı sərhədi 600-700 m mütləq hündürlüyə qədər enib. Xüsusən payız aylarında möhtəşəm və cazibədar rəng palitrası yaradan Talış dağları meşələrinin növ tərkibi müxtəlifdir (dəmirağac, şabalıdyarpaq palıd, fıstıq, vələs, məxməri ağcaqayın, qarağac, azat və s.). Bunların arasında Hirkan meşələrinin relikt ağac növünə aid olan Dəmirağac meşə landşaftlarının formalaşmasında və strukturunda xüsusi yerə malikdir.
M.İsmayılov bildirib ki, Talış dağlarında landşaft inversiyası hər zaman olduğu kimi elmi maraq yaradır. 700 m mütləq hündürlükdən başlayaraq dağ meşələri tədricən meşə-bozqırlar və bozqır ekosistemləri ilə əvəz olunur. Dağların şimal yamaclarında çöllər, cənub yamaclarda isə quru çöllər inkişaf edib. Bitki örtüyünün növ dəyişməsi meşələrdən bozqırlara keçən keçidi çox aydın əks etdirir. Belə ki, 600-700 m mütləq hündürlüyə yaxınlaşdıqca humid iqlimə aid olan dəmirağac tədricən seyrəlir və arid iqliminin indikatorları olan azat, qaratikan və s. ağac və kol növləri ilə əvəz olunur.
Vulkanik süxurları kəsib keçən Viləşçay dərəsinin hər iki yamacı boyu qəribə qayalıqlar, bəzən də çətin keçilən oroqrafik formalar əmələ gəlib.
Donuzütən isti su bulaq çıxışları çayın əsasən sağ sahil yamaclarında toplanıb. Buradakı kükürdlü isti sular çıxan yamaclarda özünəməxsus landşaftlar yaranır. Belə ki, bu hissələrdə bitkilərdən ağac növləri inkişaf etmir, əsasən qamış və ot bitkiləri yayılıb.
Bulaqların çıxışı çay yatağının ensiz və dərin yerlərində təbii vannalar əmələ gətirir. İlin hər fəslində müalicə əhəmiyyətli bu sularda istirahətetmə imkanı yaranır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.