Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2020 17:09
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Mərkəzi Elmi Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

KİTABXANA XALQMİLLƏT VƏ

CƏMİYYƏT ÜÇÜN MÜQƏDDƏS YER,

 MƏNƏVİYYAT, BİLİKZƏKA MƏNBƏYİDİR” - Heydər Əliyev

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar olaraq anım günü keçirilib. Tədbirdən öncə MEK-in kollektivi Ulu öndərin kitabxananın foyesindəki büstünün önünə əklil qoyaraq əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra “Heydər Əliyev - əbədiyaşar lider” adlı tədbir konfrans zalında davam edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev 1969-cu ildən başlayaraq ürəyi daim Azərbaycanla döyünən Heydər Əliyev fenomeninin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, dövlətçilik təcrübəsindən, yüksək idarəçilik keyfiyyətlərindən bəhs edib. Ulu öndərdən danışarkən peşəkar kadr yetişdirilməsi istiqamətindəki xidmətlərini xüsusilə vurğulayan professor Məmməd Əliyev müxtəlif xarici ölkələrə göndərilən kadrların hazırda Azərbaycan dövlətinin idarəçiliyində özünəməxsus yer tutmalarını onun uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib. Ölkənin bütün sahələrindəki inkişafının birbaşa Ümummilli liderin adı ilə bağlı olduğunu deyən kitabxananın direktoru Məmməd Əliyev onun elm və təhsilin inkişafına önəm veridiyini vurğulayıb.

Direktor Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərindən sitat gətirib: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”. “Bəli, bu gün Ulu Öndərin, şəhidlərimizin ruhu şaddır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində xalqımız 27 ildən artıq həsrətində olduğu qələbə sevincini yaşadı”.

Sonra Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Elmi Kitabxana üzrə sədri Aygün Səfərova “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda məruzə ilə çıxış edərək, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi keşməkeşli mübarizə yolundan, Ulu öndərin o zamankı gərgin ictimai-siyasi vəziyyətdə partiyaya sədr seçilməsindən danışıb.

Anım tədbirində MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynovanın “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin təşəkkülü” adlı məruzəsi dinlənilib. Məruzəçi Ümummilli liderin elmin, mədəniyyətin, iqtisadiyyatın və təhsilin inkişafı ilə bağlı əvəzsiz ideyalarından, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb.

MEK-in əməkdaşı, YAP-ın üzvü Şölə Hüseynova isə Heydər Əliyevin şəxsiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Sonda tədbir iştirakçıları MEK-in fondlarında qorunan ulu öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən foto, kitab və sənədlərdən ibarət sərgiyə baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: