2020-ci ilin IV rübündə AR Dövlət Turizm Agentliyinin sifarişi ilə Şəkidə "Kiş" Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən arxeoloji və antropoloji tədqiqatlar aparılıb.
Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov, Qazaxıstan tərəfindən isə beynəlxalq elmi çevrələrdə tanınmış alim, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvü, professor Zeynolla Samaşev rəhbərlik etməkdədir.
Antik dövrə aid Kiş-Doxun abidəsində tədqiqatlar 1984-cü ildə tanınmış arxeoloq Nəsib Muxtarov tərəfindən aparılıb. Daha sonra tədqiqatlar dayanıb və qəbiristanlığın böyük bir hissəsini Kiş çayı yuyub dağıdıb.
2020-ci il tədqiqatları nəticəsində Kiş-Doxun qəbiristanlığında antik dövr üçün unikal dəfn adətlərini özündə əks etdirən döyüşçü qəbirləri aşkar olunub ki, bunlardan bəziləri daş düzümlü kiçik təpə formalı struktura sahibdir. 1 nömrəli qazıntı sahəsinin şimal hissəsindən Qafqazda və Yaxın Şərqdə təkrarı olmayan böyük küpdə kollektiv dəfn aşkar olunub. 5 insan kəlləsi və sümükləri küpün içərisində olmaqla yanaşı, həm də ətrafındadır. Bundan əlavə, beli üzərində uzadılmış bütöv skelet də var. Bir sıra xüsusiyyətlərinə görə bu uzadılmış dəfn Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri – nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxıb. Eyni zamanda bu qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi-mədəniyyət nümunələri əldə olunub.
2 saylı qazıntı sahəsinin 2 nömrəli qəbirində yenə kollektiv dəfn olunmuş qəbir aşkar edilib. Buradan antik dövrə aid saxsı qablar, böyük dairəvi, oval və aypara formalı tunc asma və tikmə bəzəklər, tunc, şüşə və pastadan olan muncuqlar, tunc düymələr, tunc zəncirlər, dəmir və tunc qolbaqlar, dəmir nizə ucluqları, dəmir bıçaqlar və Roma üslublu göz muncuğular əldə edilib. Qəbir 3 müxtəlif qatdan (yarusdan) ibarətdir. Üst qatda böyük küpün içində və ətrafında insan sümükləri pərakəndə halda aşkarlanıb. Qəbirin alt qatında 18 insan kəlləsi və müxtəlif insan sümüklərinin pərakəndə halda olmasına baxmayaraq, qəbirin bütün avadanlıqları yerindədir. Bu qəbirin yanında tədqiq olunmuş həmin dövrə aid ayin yerində sarmat tipli damğalı böyük küpələrin fraqmentləri üzə çıxarılıb.
Tədqiq edilən qəbirlər əldə olunmuş keramika nümunələri əsasında b.e. I-III əsrlərinə aid oluna bilər. Təsvir olunan iki müxtəlif dəfn adəti Albaniyanın arxeoloji tarixinin öyrənilməsində tamamilə yeni bir səhifə açır. Arxeoloji tədqiqatların nəticələri, qəbir konstruksiyaları, dəfn adətləri və s. qonşu bölgələrin abidələri ilə müqayisə olunaraq təhlil olunacaq. Əldə olunmuş materiallar kompleksinin fotoları AutoCAD proqramında dəqiq qrafik təsvirləri çəkilərək sənədləşdiriləcək. Nekropolun dron çəkilişi vasitəsi ilə ortofotoplanı hazırlanıb. Tapılan nümunələr analizlər üçün beynəlxalq laboratoriyalara göndəriləcək və tədqiqatın nəticələri xarici indeksli jurnallarda nəşr ediləcək.
Ümumiyyətlə, Doxun nekropolu qədim Albaniyanın arxeologiyasının və tarixinin öyrənilməsində unikal bir rol oynayır. Regionda təkrarı olmayan antik dövr dəfn adətinin, həm bəzək, həm silah nümunələrinin tapılması, eyni zamanda erkən xristianlığa keçid dövrünə aid keramika nümunələrinin üzə çıxması qədim albanların mədəniyyətinin müəyyən məsələlərini öyrənməyə imkan verir. Burada müxtəlif mədəniyyətlərin Albaniyada bir-biri ilə rastlaşması da müşahidə olunur. Cənubi Qafqaz sənət numunələri, Roma tipli bəzəklər və Sarmat tipli tapıntılar burada bir yerdə aşkar olunurlar.
Ekspedisiyanın tərkibində Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva da iştirak ediblər. Onların tədqiqatı əsasında Kiş-Doxun qəbiristanlığında tapılan insan skeletlərinin yaşı, cinsi, aşkar görünən zədələri, patologiyaları müəyyən ediləcək.
Antropoloqların tədqiqatının ikinci hissəsində xristianlıq dövrünə aid olan Kiş Alban Məbədi araşdırılıb. Burada aşkarlanan skeletlər tədqiqata cəlb edilib və onların üzərində konservasiya işləri aparılıb.
Qeyd edək ki, bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, bu ilki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.