Bu gün Bakı vaxtı ilə saat 14:02-də Yer kürəsinin Şimal yarımkürəsində qış fəsli başlayacaq.
Bu haqda məlumat verən AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, planetimizin Şimal yarımkürəsi üçün hər il dekabr ayının 20-si, yaxud 21-i astronomiyada “Qış Günəş duruşu günü” adlanır. Bu günün Yer kürəsində mövcud olan canlı aləm üçün müstəsna əhəmiyyəti var. Məhz “Qış Günəş duruşu günü” Yerin Şimal yarımkürəsində qış fəsli, Cənub yarımkürəsində isə yay fəsli başlayır.
Məlumdur ki, fəsillərin bir-birini əvəz etməsi Yer kürəsinin Günəş ətrafında bir il ərzində tam dövrə vurmasının təzahürüdür. “Qış Günəş duruşu günü” vaxtı Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsinə çatmaq üzrə olur və Yerin Günəşdən olan məsafəsi 147 milyon kilometrdən artıq olur. “Qış Günəş duruşu günü” Yerin Şimal yarımkürəsində ən uzun gecə və ən qısa gün olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.