Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2021 16:56
  • A-
  • A
  • A+

Naxçıvan faunasında dünya elmi üçün yeni arı növü aşkarlanıb

Naxçıvan faunasında dünya elmi üçün yeni arı növü aşkarlanıb

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən Naxçıvanın flora və fauna biomüxtəlifliyinin öyrənilməsi, nadir, nəsli kəsilmək üzrə olan bitki və heyvan növlərinin qorunması, bioresurslardan səmərəli istifadə imkanlarının araşdırılması istiqamətində tədqiqatlar aparılır.

Əməkdaşlardan institutun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov 2004-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası faunasının iynəli zarqanadlılarını tədqiq edir. Bacarıqlı entomoloq mütəxəssis Azərbaycan faunası üçün 300-dən artıq vəhşi arı növünü ilk dəfə göstərib, onları elmi ədəbiyyata daxil edib. Onun uzunmüddətli araşdırmalarının nəticələri dünyanın bir sıra nüfuzlu elmi dərgilərində dərc olunub, məqalələri bir çox tanınmış xarici ölkə alimlərinin marağına səbəb olub.

Həmin tədqiqatların nəticələri və muxtar respublikanın iynəli zarqanadlılar faunasının zənginliyi rus mütəxəssis - Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsi Biomüxtəliflik Elmi Mərkəzinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Maksim Yuryeviç Proşalıkinin diqqətini cəlb edib. Belə ki, o, 2018-2019-cu illərdə Naxçıvana dəvət edilib və azərbaycanlı alimlərlə birlikdə çoxsaylı elmi ekspedisiyalar həyata keçirilib. Ötən müddət ərzində müəlliflərin səmərəli axtarışlarının nəticələrini özündə əks etdirən 11 elmi məqalə ingilis və rus dillərində yüksək indeksli jurnallarda dərc edilib.

Aparılan gərgin araşdırmaların nəticəsi olaraq Naxçıvanın füsunkar guşələrindən olan Darıdağ və Sirab ərazisindən yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) dünya elmi üçün ilk dəfə qeyd ediib.

Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla, dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.

Sarımtıl hoplisoides bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

Qeyd etmək lazımdır ki, respublikamız Palearktikanın bir hissəsi olduğu üçün Naxçıvan Muxtar Respublikası ərazisində təyin olunmuş bu yeni arı növü dünya entomologiya elmi üçün dəyərli töfhədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: