2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2015-ci il.