Rusiyanın Kirov vilayətinin Nolinsk şəhərində fəaliyyət göstərən “Fantazyorlar” Teatr Kollektivi AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib.
Premyera Nolinsk şəhər Bələdiyyə dövlət məktəbəqədər təhsil müəssisəsi 2 nömrəli “Kolobok” uşaq bağçasında baş tutub.
Tamaşa bağça uşaqları tərəfindən böyük sevinclə və alqışlarla qarşılanıb.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Lyubov Yakurnovanın bildirdiyinə görə, sözügedən tamaşa Nolinskin digər bağçalarında da balaca izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, artıq beynəlxalq səviyyədə tanınan “Qarınqulu ayı balası” pyesi Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən “Qorlinka (Qumru quşu” Uşaq Musiqili Teatrında da səhnələşdirilir və premyerasının mayın 27-də keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.