Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə 26-28 avqust 2020-ci il tarixlərində Bakıda keçirilən VII “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (COIA-2020) beynəlxalq konfransının əsərləri (Volume 1, Volume 2) “Clarivate Analytics”in (keçmiş “Thomson Reuters” agentliyinin) səhifəsində yerləşdirilib.
Sözügedən əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başardır.
II cilddən ibarət topluya 256 məqalə daxil edilib. Həmin məqalələrin 145-i Azərbaycan alimlərinə, o cümlədən 85-i Bakı Dövlət Universitetinin, 30-u isə Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.
Qeyd edək ki, 2020-2021-ci ildə “Clarivate Analytics”in “Web of Science” platformasında çap olunan məqalələrin sayına görə Azərbaycan Gürcüstan (1004 məqalə) və Ermənistanı (1282 məqalə) üstələyərək, 1809 məqalə sayı ilə Qafqaz ölkələri arasında birinci yerdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.