Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

12.03.2021 17:30
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanaya Mir Cəlal Paşayevin nəşrləri daxil olub

Mərkəzi Elmi Kitabxanaya Mir Cəlal Paşayevin nəşrləri daxil olub

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva tərəfindən XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin beşcildlik və görkəmli ədibə həsr olunmuş ikicildlik kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib.

Qeyd edək ki, beşcildliyə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilib. Hekayə Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənib. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar - oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilib.

Digər orijinal tərtibatlı ikicildlik kitab Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilib. “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı birinci cilddə Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb. Kitabın ikinci cildi isə “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, şəxsi arxivindəki əlyazmaları və epistolyar irsi toplanıb.

Kitabxanaya daxil olan, Azərbaycanın elm dünyasının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin bütöv bir obrazını özündə ehtiva edən bu nəşrlər MEK oxucularının böyük marağına səbəb olacaq və elmi tədqiqat işlərinin aparılmasında dəyərli mənbə kimi istifadə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: