Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.03.2021 14:15
  • A-
  • A
  • A+

Nəzəri və tətbiqi geologiya kursuna dair nəşrlər işıq üzü görüb

Nəzəri və tətbiqi geologiya kursuna dair nəşrlər işıq üzü görüb

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) gənc nəsil tərəfindən nəzəri və tətbiqi biliklərin əldə edilməsinin, mənimsənilməsinin, gənc alim kadrların hazırlanmasının səmərəliliyini artırmaq məqsədilə müasir tələblərə cavab verən “Nəzəri və tətbiqi geologiya kursu”na dair nəşrlərin hazırlanmasına başlanılıb.

İnstitut rəhbərliyinin ideyası və rəhbərliyi ilə reallaşan bu kitablar geologiyanın 11 istiqamətini əhatə edəcəyi planlaşdırılır. Artıq 2 nəşr - “Karbohidrogen sistemləri” və “Neft və qazın birbaşa geofiziki və geokimyəvi axtarış üsulları” çapdan çıxıb.

“Karbohidrogen sistemləri” nəşrinin müəllifi akademik Əkpər Feyzullayevdir. Dərs vəsaitində karbohidrogen sistemlərinə daxil olan, neft və qaz yataqlarının əmələ gəlməsi,  saxlanılması üçün zəruri bütün geoloji element və proseslərə qısaca baxılıb. Bu vəsait “Neft və qazın geologiya və geokimyası” tədris kursu üzrə magistrantlar və doktorantlar üçün nəzərdə tutulub. Kursun mənimsənilməsi zamanı əldə edilən biliklər neft və qazın ontogenezi haqqında bütövlükdə təsəvvür yaradacaq, nəticədə tədqiq olunan hövzənin karbohidrogen potensialının qiymətləndirilməsi, eləcə də neft-qaz axtarışının perspektivli istiqamətlərinin müəyyən edilməsi üçün əsas yaradacaq.

“Neft və qazın birbaşa geofiziki və geokimyəvi axtarış üsulları” dərs vəsaitinin müəllifi isə akademik Əkpər Feyzullayev, geologiya-minerologiya elmləri doktoru Tofiq Əhmədov və yer elmləri üzrə fəlsəfə doktoru Səbinə Abbasovadır. Nəşr “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”, “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”, “Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları” ixtisasları üçün nəzərdə tutulub. Bu nəşr fənnin inkişaf tarixi, mahiyyəti, məqsədi və karbohidrogenlərin təsir zonasında geoloji mühitin geokimyəvi, geofiziki xüsusiyyətləri haqqında qısa, eyni zamanda kifayət qədər dolğun məlumatların əldə edilməsində tələbələrə kömək edəcək.

Hazırda müəssisədə “Nəzəri və tətbiqi geologiya kursu”nun digər 9 istiqaməti üzrə dərs vəsaitlərinin hazırlanması işi davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: