AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və institutun bir qrup alimi Qafqaz Müsəlmanları İdarəsinin və Zaqatala Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə birgə Türkiyədə səfərdə olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Yazma Əsərlər Qurumu Başqanlığını, Süleymaniyyə Kitabxanasını və Osmanlı Arxivini ziyarət edib, görülən işlərlə tanış olublar.
Yazma Əsərlər Qurumunun nəzdində Kitab Şəfaxanası yaradılıb. Əsərlərin təmizlənməsi, cildinin bərpası və bu kimi işlər burada aparılır.
Osmanlı Arxivi müdirinin müavini, professor Mustafa Budak 96 milyondan çox arxiv materialının burada qorunduğunu bildirib. Qeyd edib ki, bu materiallarının rəqəmsallaşdırılması davam edir. İndiyə qədər çəkilən sənəd fotolarının sayı 10 milyonu ötüb. Burada aparılan bərpa işləri ən müasir avadanlıq vasitəsilə davam etdirilir.
Konya Bölgə Yazma Əsərlər Kitabxanasının müdiri Bəkir Şahin kitabxana və görülən işlər barədə məlumat verib. Azərbaycan nümayəndə heyəti kağızın təmizliyi, bərpası, kağızlarda meydana gələn xəstəliklər, o cümlədən cildləmə barəsində təcrübə mübadiləsi aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.