Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeoloq alim Abuzər Ələkbərov vəfat edib
20.05.2021 14:30
  • A-
  • A
  • A+

Arxeoloq alim Abuzər Ələkbərov vəfat edib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanda arxeoloji abidələrin toplusu sektorunun rəhbəri, müəssisənin Həmkarlar təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Abuzər İbrahim oğlu Ələkbərov 25 iyun 1953-cü il tarixində Qərbi Azərbaycanın Keşişkənd bölgəsinin (müasir Ermənistanın Yeğeqnadzor rayonu) Amağu kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, iki il Sabirabad rayonunda tarix müəllimi işləyib, sonra isə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun əyani aspiranturasına daxil olub. Hərbi xidməti başa vurduqdan sonra aspiranturada təhsilini davam etdirib, “Qədim Azərbaycanın gil heykəlləri” mövzusunda dissertasiya işini başa çatdıraraq Kiyev şəhərində müdafiə edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  dosenti olub.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda sektor rəhbəri vəzifəsində çalışıb, Müdafiə şurasının və Elmi şuranın üzvü olub. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb. Azərbaycan  arxeologiya elmini Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran, Fransa və başqa ölkələrdə keçirilən elmi konfranslarda təmsil edib.

 Cənub-şərqi Azərbaycanın arxeoloji tədqiqi, eləcə də Fransa-Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyasına rəhbərlik edib. “Cənub-şərqi Azərbaycanın arxeoloji xəritəsi” və “Cənub-şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri” monoqrafiyaları üzərində iş aparıb.

20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar təşkilatının sədri, AMEA-nın Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin və Məclisinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məclisinin, həmçinin Yeni Azərbaycan Partiyasının üzvü olub.

AMEA-nın ictimai həyatında fəal iştirak edən alim uzun müddət AMEA Azad Həmkarlar İttifaqının Gənclər təşkilatı, idman, mənzil məişət komissiyalarına, İdman spartakiadalarının və digər mədəni kütləvi tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib. Bu münasibətlə müxtəlif vaxtlarda 3 dəfə AMEA-nın Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı işində və kollektiv müqavilələrin bağlanmasında, onun yerinə yetirilməsində fəal iştirakınıı və ilk kollektiv müqavilənin 100 illiyini nəzərə alaraq 2004-cü ildə Fəxri fərmanla təltif edilib.

Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum arxeoloq Abuzər Ələkbərovun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan Abuzər Ələkbərovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: