Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ölkəmizdə kitabxana quruculuğu
10.05.2024 22:01
  • A-
  • A
  • A+

Ölkəmizdə kitabxana quruculuğu

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxanaların inkişafı hər zaman xüsusi yer tutub. Çünki ulu öndər yaxşı bilirdi ki, kitabxana dövlət idarəçiliyində və hüquqi tənzimləmədə sosial institut və tamhüquqlu subyektdir. Kitabxanaların fəaliyyətinin hüquqi təminatına gəlincə, ulu öndər bu sahədə də yorulmaz fəaliyyət göstərərək kitabxananı bir sistem olaraq xalqın həyat tərzinə çevirdi. Həm sovet dövründə, həm də müstəqillik illərində Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda kitabxanaların inkişafı və onların sosial funksiyalarının həyata keçirilməsi diqqət mərkəzində saxlanıldı.

Ulu öndər Heydər Əliyev totalitar rejim şəraitində belə Azərbaycan dilinin və ədəbiyyatının dönməz müdafiəçisi olaraq ölkə kitabxanalarının inkişafı istiqamətində əhəmiyyətli addımlar atdı. İlk növbədə, respublika büdcəsindən kitabxanaların saxlanılmasına və inkişafına ayrılan xərclər artırıldı, yeni nümunəvi binalar tikildi, kitab fondu zənginləşdirildi, işçilərin sosial problemləri həll olundu, xüsusən də region sakinlərinin bu sahədə ali təhsil almalarına geniş imkanlar yaradıldı. Kitabxana sahəsinin yaradıcılarından olan professor Abuzər Xələfov yazırdı ki,  o illərdə kitabxanaların tikintisi Heydər Əliyevin respublikada başlatdığı geniş quruculuq işlərinin ayrılmaz hissəsi idi. Məsələn, 1969-1980-ci illərdə respublikada 1155 kitabxana tikilmişdi. Bu dövrdə 38,8 milyon nüsxə kitab fonduna malik 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində kütləvi kitabxanaların sayı dəfələrlə artmış, kitab fondu isə 13,4 milyon nüsxə çoxalmışdı. 1976-1980-ci illərdə Azərbaycanda dövlət büdcəsi hesabına 415 kitabxana binası tikilmiş və bütün rayon mərkəzlərində vahid tipli kitabxana binaları istifadəyə verilmişdi.

Azərbaycan mədəniyyətinin və elminin böyük hamisi olan Heydər Əliyevin xalqımızın mədəni sərvəti olan kitabxanlara diqqət və qayğısı özünü həm də yubiley mərasimlərində göstərirdi. Azərbaycan KP MK bürosunun 1973-cü il dekabrın 19-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 50 illiyinin keçirilməsi barədə qərar qəbul etməsi də ulu öndərin təşəbbüsü ilə baş tutmuşdu.

Ali təhsilli kitabxanaçıların hazırlanmasına xüsusi diqqət göstərən Heydər Əliyevin xidmətləri sayəsində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul planı artırıldı. Respublikanın regionlarından olan gənclərin bu fakültəyə müsabiqədənkənar qəbul olunması 1970-1980-ci illərdə kitaba münasibəti dəyişdi, Azərbaycanda böyük oxucu kütləsi, daha geniş mənada oxucu mədəniyyəti formalaşdı.

Həmin illərdə elm sahəsində aparılan islahatlar, Elmlər Akademiyasının fəaliyyətində nəzərəçarpan ciddi dəyişikliklər, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görülən tədbirlər nəticə etibarilə kitabxana işindən də yan keçmədi. Akademik fəaliyyətin mühüm bazası olan elmi kitabxanalarda canlanma başladı, keçmiş SSRİ miqyasında nüfuzlu elmi araşdırma mərkəzinə çevrildi. O dövrdə məhz Azərbaycan EA-nın Kitabxanası SSRİ-də ilk dəfə akademiya kitabxana şəbəkəsinin mərkəzləşdirilməsinə nail oldu. Bu nailiyyət Mərkəzi Elmi Kitabxananın maliyyə vəziyyətinin sabitləşməsinə, kitabxana fonduna xarici dillərdə ədəbiyyat alınmasına geniş imkanlar açdı. Hər il fonda daxil olan ədəbiyyatın 10-12 faizini xarici dillərdə çap olunan kitablar təşkil edirdi. Bu isə öz növbəsində alimlərə elm və texnikanın son nailiyyətləri ilə tanış olmaq imkanı verirdi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə kitabxana işindəki əsas naliyyətlərdən biri də beynəlxalq kitab mübadiləsinin təşkili idi. 1970-ci illərin sonuna doğru kitabxana 50 ölkənin 570 müəssisəsi ilə kitab mübadiləsi həyata keçirirdi. Bunların arasında 28 elmlər akademiyası, 120 universitet və institut, 29 milli kitabxana, 209 kitab ticarəti müəssisəsi, 23 nəşriyyat və firma, 27 muzey və başqa müəssisələr vardı.

 Müsbət dəyişikliklərdən biri də kitabxana xidmətinin təşkilində elmi-texniki informasiya xidmətinin yaradılması idi. Hələ ona qədər bu məsələ ilə bağlı müəyyən cəhdlər olsa da bütün təşəbbüslər yarımçıq qalmışdı. Amma Heydər Əliyevin diqqət və qayğısı sayəsində aparılan ardıcıl işlər 1973-cü ildə oxuculara informasiya xidmətinin göstərilməsinə rəvac verdi.

Mərkəzi Elmi Kitabxana 1976-cı ildən respublikada ilk dəfə olaraq bu sistemi qismən də olsa, avtomatlaşdırdı. Artıq 1980-1984-cü illərdə akademiya kitabxanası bu sistem vasitəsilə 300 elmi problem üzrə 289 elmi-tədqiqat laboratoriyasının 3000-ə qədər elmi işçisini müntəzəm olaraq cari informasiya ilə təmin edirdi. Əslində, bu proses kitabxana işini müasir fəaliyyət mexanizminə çevirmək, bu sahədə tərəqqiyə nail olmaq, Mərkəzi Elmi Kitabxana da daxil olmaqla ölkə kitabxanlarının maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi daşıyırdı. Kitab fondlarının yenidən qurulması, minlərlə kitabın qapalı otaqlardan çıxarılaraq kitabxana rəflərində işlək hala gətirilməsi, məlumat-biblioqrafiya aparatının yaradılması, kataloq-kartotekaların yenidən təşkili və redaktəsi bu dövrün əsas özəllikləri idi.

Ulu Öndər kitabxana işinə həm də elm sahəsi kimi baxırdı. 1974-cü ildə kitabxananın tarixində ilk dəfə olaraq Kitabxanaşünaslıq və biblioqrafiya elmi-tədqiqat şöbəsinin yaradılması bu sahənin bir elm kimi öyrənilməsinə də böyük töhfələr verdi, yeni elmi məcmuələr nəşr edildi, biblioqrafik göstəricilərin "Elm və mədəniyyət xadimləri" seriyası yarandı. Bütün bunlar bir daha təsdiq edir ki, 1970-1980-ci illərdə AMEA-nın Mərkəzləşmiş Kitabxana Sisteminin kitabxana fondunun təşkilində, komplektləşdirilməsində, qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Heydər Əliyev deyirdi: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Ölkə kitabxanalarının inkişafını ümumi ölkə tərəqqisinin tərkib hissəsi kimi görən Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da bu sahəyə elm-mədəniyyət siyasətinin bir hissəsi kimi baxdı. 1993-1999-cu illər Azərbaycanda kitabxana işinin qorunub saxlanılması dövrü oldu. Ulu öndər kitabxanaların özəlləşdirilməsini, onların başqa məqsədlər üçün istifadə olunmasını imzaladığı fərmanla qadağan etdi. Beləliklə, ölkədə mövcud kitabxana şəbəkələri qorunub saxlanıldı. Prezidentliyi dövründə Azərbaycanda 1 milli, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və mərkəzi rayon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərirdi. Orta hesabla əhalinin hər 700 nəfərinə bir stasionar kitabxana düşürdü.

Ümummilli Lider 1998-ci ildə ölkə tarixində ilk dəfə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbuluna nail oldu. Azərbaycanda kitabxana işi üzrə dövlət siyasətini əks etdirən bu qanun bu işi də dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və sistemin ümumi əsaslarını, fondların formalaşdırılması və mühafizəsi tələblərini, onların maliyyələşdirmə mənbələrini, istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.

Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə kitabxana işinin yüksək səviyyədə qurulması ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin əsas tərkib hissəsi olub. Ölkə kitabxanalarının cəmiyyətin milli-mənəvi dəyərlərinin inkişafına töhfə verməsi, cəmiyyətin elmi mənbələrə əlçatanlılığının təmin olunmasına geniş imkanlar yaratması bu məfkurənin əsas qayəsini təşkil edir.

Hüseyn HÜSEYNOV, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, dosent

“Respublika” qəzeti

 

  • Paylaş: