Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ağıllı kənd” layihəsi Qarabağ regionunun texnoloji innovasiya mərkəzi kimi cəlbediciliyini də artıracaq
20.05.2021 17:41
  • A-
  • A
  • A+

“Ağıllı kənd” layihəsi Qarabağ regionunun texnoloji innovasiya mərkəzi kimi cəlbediciliyini də artıracaq

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. Ərazilərin bərpası fəaliyyətində dünyanın müasir çağırışlarının nəzərə alınması, ən qabaqcıl texnologiyaların tətbiq olunması qaçılmaz zərurətdir.

Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Bu il aprelin 19-da isə dövlətimizin başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir.

“Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqində əsas məqsəd də onların həyata keçirildiyi ərazilərdə xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bütün bunların reallaşdırılmasında informasiya texnologiyalarının tətbiqidir. Eyni zamanda, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi, şəhər və kənd yerlərində dayanıqlı inkişafın təmin olunmasıdır.

Bu fikirləri Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev deyib.

O bildirib ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi işğaldan azad olunmuş ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun texnoloji innovasiya mərkəzi kimi cəlbediciliyini də artıracaq. Bu layihənin tətbiqində iki məqamı xüsusi qeyd etmək lazımdır: “Birincisi, kifayət qədər bahalı layihələrin həyata keçirilməsi ölkə rəhbərinin vətəndaşlara, xüsusən də əhalinin həssas qrupu olan qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının daha bir bariz nümunəsidir. Yəni vaxtilə erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş, hər cür çətinliklərə, məhrumiyyətlərə məruz qalmış vətəndaşlarımız öz şəhər və kəndlərinə qayıtdıqdan sonra yaşayışın ən üstün imkanlarından istifadə etsinlər, yaşasınlar, işləsinlər, ölkəyə də daha çox töhfə verə bilsinlər. Bu layihələr paytaxtdan uzaq şəhər və kəndlərin sakinləri üçün ən əlverişli həyat şəraitini təmin edəcək.

İkinci vacib məqam ondan ibarətdir ki, artıq yüksək texnologiyalar insan həyatının ayrılmaz elementinə çevrilib. XXI əsr elm və texnologiyalar əsridir. Hər gün, hər saat, hər saniyə elm və texnologiyanın gətirdiyi yeniliklərin və bu yeniliklərin yaratdığı imkanların şahidi oluruq. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində məhz bu yeni texnologiyaların bizə qazandırdığı üstünlükləri xatırlatmaq yetərlidir ki, müasir elm və texnikanın bundan sonra da oynayacağı rolu təsəvvür edək”.

Əfsun Sucayev qeyd edib ki, bu gün hər bir sahədə olduğu kimi elm və texnologiyada da inkişafın yeni mərhələsini yaşayırıq. Dünya elmə əsaslanan innovasiyalar sisteminə inteqrasiya edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Zəngilanda təməli qoyulan “Ağıllı kənd” layihəsi də elm-təhsil-innovasiyanın nəticəsi, son məhsulu kimi meydana çıxıb. “Ağıllı kənd”, növbəti mərhələlərdə icrasına başlanılacaq “Ağıllı şəhər” elmi-texnoloji yenilikdir. Hazırda bu layihələrin tətbiqi ilə xarici şirkətlərin təmsilçiləri məşğuldur: “İnanıram ki, növbəti mərhələdə bu sahələrdə yüksəkixtisaslı yerli kadrlarımızın da potensialından istifadə olunacaq. Çünki ölkəmizdə elmin informasiya və yüksək texnologiyalar sahəsi inkişaf etməkdədir. Universitetlərdə, elmi-tədqiqat müəssisələrində, özəl şirkətlərdə, istehsal sahələrində peşəkar kadrlarımız çalışır. Kifayət qədər gənclərimiz var ki, onların müasir elm, texnologiyalara yanaşmalarda sahib olduqları fərqli ideyaları həyatımıza tətbiq etsək “ağıllı kənd”, “ağıllı şəhər”lərimizdə əlavə imkanlar yaradılacaq.

AzərTac

  • Paylaş: