Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

10.05.2024 19:33
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin tükənməz xəzinəsi - Heydər Əliyev Fondu 20 il

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin tükənməz xəzinəsi - Heydər Əliyev Fondu 20 il

“Mənim üçün ən əziz nemət Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. 

Bu fikirlər dahi şəxsiyyət Heydər Əliyevdən biz gənclərə yadigar qalan sözlərdir.

Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə, gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Bu işlər sayəsində gənclərin səfərbəredici gücü, imkanları daim artacaq, hərtərəfli inkişafa səbəb olacaqdır. Təsadüfi deyildir ki, milyonlarla insan onun ideyalarının daim yaşaması naminə çalışır, istiqamətlərini buna uyğun olaraq müəyyənləşdirir. Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir.

Bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdədir. Fond tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin xalqımız üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

Bu baxımdan səmimiyyətlə deyə bilərik ki, Heydər Əliyev Fondunun qarşıya qoyduğu və reallaşdırmaq üçün fəaliyyət göstərdiyi məqsədlərin dairəsi kifayət qədər genişdir. Belə ki, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsindən bəhrələnmək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək olmaq, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək fondun fəaliyyətinin qayəsidir.

Ümummilli Liderin adını daşıyan, bu il fəaliyyətinin 20-ci ilini tamamlayan Heydər Əliyev Fondu da yarandığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın həyatda yaşam fəlsəfəsinin, fəaliyyət fəlsəfəsinin əsasında bir əməl durur: insanlara yaxşılıq.

Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər ağa məscidi, "Xan qızı" bulağı və digər tarixi dəyərlərin yenidən həyata qaytarılması, Şuşada keçirilən Vaqif Poeziya Günləri, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Kulinariya Festivalı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təqdirəlayiq fəaliyyətidir. Fond hazırda Aşağı Gövhər ağa məscidinin, Mamayı məscidinin, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin, Yeni Şuşa məscidinin, Ağdam Cümə məscidinin, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpasını davam etdirir. 

Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir. Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir. “Talassemiyasız həyat naminə” layihəsi də ciddi qayğının nəticədir. Uşaqlar arasında geniş yayılmış irsi xəstəliklərdən biri də talassemiyadır. Talassemiya irsi qan xəstəliyidir. Ölkəmizdə hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Bu xəstəlikdən əziyyət çəkənlərin daim qana ehtiyacı olur. Talassemiyanın əsas səbəblərindən biri qohumlar arasında bağlanan nikahlardır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilməyə başlanmışdır. Bu layihə çərçivəsində inkişaf etmiş Avropa dövlətlərinin talassemiya ilə mübarizə sahəsində təcrübəsi ətraflı öyrənilib. Həmin ölkələrin tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri zamanı təcrübə mübadilələrinin aparılması nəticəsində yerli mütəxəssislər hazırlanmışdır.

Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir.

Ulu Öndər Heydər Əliyevin amalları işığında 20 il əvvəl - 2004-cü il mayın 10-da yaradılmış Heydər Əliyev Fondu  Ali Baş Komandanın sadiq silahdaşı Mehriban xanımın rəhbərliyi ilə insanlığa mühüm töhfələr verərək hələ xeyli sayda təqdirəlayiq işlər görəcəkdir. 

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: