Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tanınmış elm xadimi
21.05.2021 10:36
  • A-
  • A
  • A+

Tanınmış elm xadimi

Yarımkeçiricilər fizikası sahəsində görkəmli alim, Azərbaycan MEA-nın fizika üzrə ilk qadın üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə İbrahim qızı Mehdiyevanın 80 yaşı tamam olur. Səlimə Mehdiyeva 1941-ci il mayın 21-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, 1958-ci ildə Bakı şəhəri 114 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı bitirmişdir. Həmin il Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olaraq burada tanınmış alim, akademik Həsən Abdullayevin elmi rəhbərliyi ilə selen yarımkeçiricisinin müxtəlif aqreqat hallarının fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparmağa başlamışdır.

Biliyi, əzmkarlığı və tədqiqatçılıq bacarığı sayəsində qısa müddətdə bu istiqamətdə maraqlı elmi nəticələr almağa nail olaraq onları həmin dövrün çox nüfuzlu ittifaq və xarici jurnallarında (SSRİ EA-nın Məruzələri, Physica Status Solidi, Physics Letters, Fizika i texnika poluprovodnikov və s.) dərc olunmuş, bir neçə beynəlxalq konfranslarda məruzə etmişdir. Apardığı tədqiqatlar əsasında 1967-ci ildə Vilnüs Dövlət Universitetində “Yüksək təmizlikli selenin bəzi fiziki xassələri” mövzusunda dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi dərəcəsi almışdır. Bu istiqamətdə tədqiqat işlərini davam etdirən alim 1988-ci ildə “Selen və polietilen əsasında xətti polimer yarımkeçirici və dielektriklərin quruluşu və fiziki xassələri” doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cü ildə professor elmi adı almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyətinə Fizika İnstitutunda başlayan Səlimə Mehdiyeva burada kiçik elmi işçi, böyük elmi işçi, uzun müddət institutun elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş, əməyə məsuliyyətli və yaradıcı yanaşması, böyük təşkilatçılıq bacarığı, əzmkarlığı, qayğıkeşliyi hesabına rəhbərliyin və kollektivin böyük hörmətini qazanmışdır. O, 1976-ci ildə Fizika İnstitutunda yeni “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyası təşkil etmiş və bu günədək həmin laboratoriyaya uğurla rəhbərlik edir. Laboratoriya müasir tədqiqat cihazları, əməkdaşların işləyib yaratdığı yeni qurğularla təmin olunmuşdur. Selen yarımkeçiricisinin, onun əsasında polimer sistemlərin və şüşəvarı xalkogenidlərin kompleks tədqiqi ilə məşğul olan professor S.Mehdiyeva bu sahədə elmi məktəb yaratmış, vacib, fundamental elmi və tətbiqi əhəmiyyətli nəticələr almışdır. Həmin tədqiqatlar sayəsində selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan bir sıra elektron proseslərinin mexanizmləri, amorf, poli və monokristal, maye selenin elektrik, fotoelektrik, istilik, mexaniki xassələrinə müxtəlif aşqarların təsir qanunauyğunluqları, bu əsasda selenin fiziki xassələrinin məqsədyönlü idarə olunma üsulları müəyyənləşdirilmişdir. Selenin xassələrindəki özünəməxsusluqların onun polimer quruluşu və onda olan, adi üsullarla təmizlənilməyən oksigenlə bağlılığı aşkarlanmışdır. Bu nəticələr selen cihazlarının, xüsusilə selen düzləndiriciləri və elektrofotoqrafıya lövhələrinin parametrlərinin yaxşılaşdırılmasına köməklik göstərmişdir.

Selen əsasında şüşəvarı sistemlərdə elektron proseslərinin tədqiqi kristallaşmaya davamlı fotohəssas, yüksək elektrik müqavimətli sistemlərin alınmasına və onların tətbiq imkanlarının genişləndirilməsinə imkan yaratmışdır. Hallogen aşqarlarının şüşəvarı yarımkeçiricilərin elektrik, fotoelektrik, optik xassələrinə təsirinin kompleks tədqiqi vidokonlar üçün yüksək həssaslıqlı fotohədəfin işlənib hazırlanmasına gətirmişdir. Şüşəvarı xalkogenidlərdə işığın Raman səpilməsinə, xətti və qeyri-xətti sındırma əmsallarına, optik xassələrə tərkibin və aşqarların təsirinin tədqiqi nəticəsində yaxın və orta infraqırmızı oblastda həssas olan fiber-ötürücülər üçün yararlı funksional materiallar təklif olunmuşdur.

Görkəmli alimin və onun tələbələrinin aldığı elmi nəticələr yeni elektron texnikası çeviricilərinin yaradılmasında, mövcud cihazların xarakteristikalarının yaxşılaşdırımasında əhəmiyyət kəsb etdiyi kimi, polimer yarımkeçiricilərin, qeyri-kristallik materialların, xüsusilə amorf şüşəvarı sistemlərin fiziki xassələrinin öyrənilməsi, onlarda baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizminin araşdırılması üçün faydalıdır. Məhz bu səbəbdən dünya elmi ədəbiyyatında bu nəticələrin dərc olunduğu məqalələrə çox sayda istinadlar vardır.

Professor S.Mehdiyeva bir monoqrafiyanın, böyük əksəriyyəti yüksək reytinqli beynəlxalq jurnallarda dərc olunmuş 300-ə yaxın elmi əsərin, 14 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 2 elmlər doktoru, 14 fəlsəfə doktoru yetişdirilmişdir. O, bir neçə beynəlxalq qrant layihələrinin iştirakçısı olmuş, 40-dan artıq beynəlxalq və respublika konfransında məruzə ilə çıxış etmişdir. Müntəzəm olaraq müxtəlif Dissertasiya şuraları tərəfindən elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarına rəsmi opponentliyə dəvət olunur.

Alim fəal elmi-tədqiqat işi ilə yanaşı, böyük elmi-təşkilati və ictimai iş də aparır. O, 1969-78-ci illərdə Azərbaycan MEA Fizika İnstitutunun Elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, hər iki vəzifədə İnstitutda elmi-tədqiqat və tətbiq işlərinin müəyyənləşdirilib planlaşdırılması, aparılmasının təşkili və icrası, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına, müxtəlif tədbirlərin hazırlanıb keçirilməsinə böyük faydalı əmək sərf etmişdir. Xüsusilə, dövlət müstəqilliyimizin ilk ağır illərində İnstitutun kadr potensialının və maddi-texniki bazasının qorunub saxlanılmasında onun əvəzsiz xidmətləri vardır. Respublika Elmi Əlaqələndirmə Şurasının sədr müavini, İnstitut müdafiə şurasının həmsədri olmuş, hazırda Fizika İnstitutu Elmi Şurasının, İnstitut nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının, “AMEA-nın Xəbərləri” FRTE seriyası və Fizika jurnallarının redaksiya heyətinin üzvü, İnstitut Qadınlar Təşkilatının sədridir.

Professor S.Mehdiyeva İnstitut kollektivi, respublikamızın elmi ictimaiyyəti arasında layiqli hörmətə malikdir, fəaliyyəti sahəsində olan xarici qabaqcıl elmi məktəb və mərkəzlərlə yaradıcı əlaqə saxlayır, tez-tez müxtəlif universitetlər tərəfindən pedaqoji fəaliyyətə, Dövlət İmtahan Komissiya sədrliyinə dəvət olunur. O, böyük təcrübəyə malik tanınmış alim, mehriban insan, yaxşı həmkar, qayğıkeş valideyndir. Respublikamızda yarımkeçiricilər fizikasının inkişafına mühüm töhfələr vermiş, görkəmli alim və elm təşkilatçısı, xeyirxah insan Səlimə Mehdiyevanı şərəfli yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni böyük uğurlar arzulayırıq!

Arif HƏŞİMOV, AMEA-nın Fizika İnstitutunun baş direktoru, akademik

“Respublika” qəzeti

  • Paylaş: