Dünyada 1991-2018-ci illər ərzində istiliklə bağlı insan ölümlərinin 37 faizi iqlim dəyişikliyilə bağlıdır.
Belə bir qənaət Bern Universiteti Sosial və Qabaqlayıcı Təbabət İnstitutunun bir qrup əməkdaşının “Nature Climate Change” jurnalında dərc olunmuş tədqiqatında yer alır.
Tədqiqatçılar sözügedən müddət ərzində dünyanın 732 şəhərində istiliklə bağlı ölümləri təhlil ediblər. Tədqiqatda iqlim dəyişikliyinin qasırğa, su daşqınları, quraqlıq kimi digər fəsadlarının təsiri nəzərə alınmayıb.
Araşdırmanın əhatə etdiyi şəhərlərdə sözügedən müddət ərzində istiliklə bağlı ildə orta hesabla 9700 nəfər ölüb. Bu göstəriciyə görə 239 nəfərlə San Paulo birinci yerdədir. Regionlara gəlincə, Cənubi Amerika şəhərlərində ən yüksək rəqəmlər qeydə alınıb, sonrakı yerləri Cənubi Avropa və Cənubi Asiya tutur.
Həmçinin istiliklə bağlı ölümlərin 82 faizi iqlim dəyişikliyi nəticəsi olduğu Honolulu şəhəri isə bu baxımdan dünya lideridir.