Məlum olduğu kimi, hər hansı bir xalqın varlığını təsdiqləyən maddi və mənəvi mədəniyyət abidələrinin düşünülmüş şəkildə məhv edilməsi, mənimsənilməsi mədəni soyqırımı adlandırılır. Çoxsaylı faktlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edir. Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib. İlk növbədə, müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səylər göstərilib.
Bu fikirlər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tarix Dostiyevin “Qarabağın orta əsr arxeoloji abidələri və ermənilərin mədəni soyqırımı siyasəti” sərlövhəli məqaləsində yer alıb.
İşğal dövründə Ermənistan UNESCO-nun mədəni irs üzrə normativ aktlarına, xüsusilə UNESCO-nun Baş konfransının 9-cu sessiyasının arxeoloji qazıntıların beynəlxalq tənzimləməsinin prinsipləri haqqında qəbul etdiyi tövsiyəyə (5 dekabr 1956-cı il) etinasızlıq göstərərək Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni arxeoloji qazıntılar aparıb. Tövsiyənin 32-ci maddəsində yazılıb: “Silahlı münaqişələr zamanı bu və ya digər dövlətin ərazisini işğal edən UNESCO-nun üzvü olan dövlətlər işğal etdikləri ərazidə arxeoloji qazıntılar aparmaqdan çəkinməlidir. İşğal edən dövlət təsadüfi tapıntılar (misal üçün hərbi işlər zamanı tapılan) əldə olunduqda onların mühafizəsi üçün bütün mümkün tədbirləri görməli, hərbi əməliyyatlar bitdikdən sonra müvafiq sənədləşmələrlə birlikdə işğal olunmuş ərazinin səlahiyyətli nümayəndələrinə təqdim etməlidir”.
İşğal dövründə Qarabağ ərazisində ermənilər tərəfindən ən çox mənimsənilməyə və dəyişikliklərə məruz qalan memarlıq və arxeoloji irs isə alban xristian abidələridir. Onların üzərindəki alban xristian dininin rəmzləri və simvolları qriqoryan məzhəbinə, erməni mədəniyyətinə məxsus elementlərlə dəyişdirilib və saxtalaşdırılıb. Bu baxımdan Amaras məbəd kompleksində aparılan qeyri-qanuni qazıntıları göstərmək olar. İşğalçı dövlətin beynəlxalq hüquqa zidd, qeyri-qanuni təşkil etdiyi ekspedisiyasının Albaniyanın dini mərkəzlərindən biri olmuş, düzən və dağlıq Qarabağın qovşağında, Xocavənd rayonunun Sos kəndi yaxınlığında yerləşən Amaras məbəd kompleksində apardığı arxeoloji qazıntıların başlıca məqsədi alban xristian irsinə yiyələnmək, bu irsi özününküləşdirmək idi. Amaras məbəd kompleksində qanuni tədqiqatlar aparmış, bu abidənin alban xristian irsinin erkən nümunələrindən olduğunu elmi əsaslarla sübut etmiş arxeoloq Rəşid Göyüşovun ünvanına qərəzli, əsassız tənqidi fikirlər söyləməkdə erməni arxeoloqu H.Petrosyanın məqsədi faktları saxtalaşdırmaq, Amaras məbəd kompleksini erməni mədəni irsi kimi təqdim etmək, son nəticədə işğala bəraət qazandırmaq cəhdinin kobud təzahürüdür. Eləcə də Şahbulaqda aparılan arxeoloji qazıntıların nəticələri saxtalaşdırılaraq qədim yaşayış yerinin erməni hökmdarı Tiqranla əlaqələndirilməsinə səy göstərilib, abidənin alban erkən xristian tapıntıları erməni mədəni irsi kimi təqdim olunmasına cəhdlər edilib. Abidədən əldə olunmuş tapıntıların beynəlxalq hüququn pozularaq Ermənistana daşınması isə hazırda həyasızcasına hətta “erməni mədəni irsinin xilas olunması” kimi təbliğ olunur.
İşğalçılar tərəfindən Yuxarı Qarabağdakı İslam dövrü arxeoloji və memarlıq abidələrinin müxtəlif saxtalaşdırmalarla digər xalqlarla əlaqələndirilərək xalqımızın mədəni irsinin özgələşdirilməsinə və son nəticədə özününküləşdirməyə cəhdlər göstərilib. Bu istiqamətdə aparılan təcavüz və saxtalaşdırmaları səciyyələndirmək baxımından Laçın rayonunda müsəlman qəbiristanı və iki türbədə işğalçıların qeyri-qanuni tədqiqat işləri və bu tədqiqatın nəticələrinin elmi dövriyyəyə təqdimatı erməni fitnəkarlığının eybəcərliyini daha qabarıq əks etdirir. Arxeoloq A.Simonyanın başçılıq etdiyi “Erməni abidələrinin külliyyatı redaksiyasının ekspedisiyası” guya Ermənistan Respublikasının cənub-qərb hissəsində indiyədək elmi ədəbiyyatda əksini tapmamış geniş müsəlman qəbiristanlığı və iki türbə aşkar olunmasını elan etmişdi. Halbuki həmin abidələr Azərbaycan Respublikasının Laçın rayonunun Cicimli kəndində yerləşən, hələ keçən əsrin 30-cu illərindən elmi dövriyyədən yaxşı məlum olan müsəlman qəbiristanı, Məlik Əjdər və Kar günbəz türbələri idi.
A.Simonyan abidənin Azərbaycan xalqına mənsubiyyətini saxtalaşdırmaq məqsədilə hər iki türbənin istər Türkmənistanın özündə, istərsə də onun hüdudlarından kənarda görkəmli şəxslərin qəbirləri üzərində ucaldılan türkmən qəbirüstü tikililərinin tipik nümunəsi olduğunu, həmin abidələrin erməni memarlıq məktəbinin çoxəsrlik nailiyyətlərini müsəlman sifarişçilərin prinsipləri və tələbləri ilə uzlaşdıran erməni sənətkarları tərəfindən yaradıldığını bildirir. Bununla da, xalqımızın mədəni irsinin özgələşdirilməsinə, son nəticədə isə özününküləşdirməsinə cəhdlər edilirdi.
Azərbaycan xalqının İslam dövrü maddi və mənəvi mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin işğalçılar tərəfindən məhv edilməsi mədəni soyqırımı siyasətinin daha radikal forması idi. 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi nəticəsində azad olunmuş Qarabağ ərazisindəki müsəlman abidələrinin vəziyyəti erməni təcavüzünün nəticələrini əyani nümayiş etdirir.
UNESCO-nun 17 oktyabr 2003-cü il tarixli Paris bəyannaməsində bəşəriyyət üçün böyük əhəmiyyəti olan mədəni irsi qəsdən dağıdan, yaxud bilərəkdən mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması, son qoyulması və cəzalandırlması üçün tədbir görməyən dövlət beynəlxalq hüququn müəyyən etdiyi ölçüdə qəsdən dağıdılmaya görə məsuliyyət daşıdığı bildirilir. Təbii ki, Ermənistan Respublikasının rəsmi şəxsləri Qarabağda xalqımızın mədəni irsinin dağıdılması və məhvinə görə məsuliyyət daşıyırlar.
Mədəni irs və ona obyektiv münasibət sivil cəmiyyətinin göstəricisi kimi çıxış edir. Bu, həm qanunverici şəraitə, həm də əxlaqi normalara aiddir. Arxeoloji irsə təcavüz, onun şərhində elmi yanaşma deyil, siyasi ideologiyadan asılılıq işğal dövründə Ermənistan elmi dairələrinin ifrat irticaçı fəaliyyətinin göstəricisi olub.