AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi münasibətilə 2020-ci ildə nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq mərasimin elmi baxımdan əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun mədəniyyət ocağı olması ilə bərabər, elmi təşkilat kimi də fəaliyyətindən, burada aparılan tədqiqat işlərindən danışıb. Qeyd olunub ki, muzeydə saxlanılan tarixi eksponatları öyrənmək, onları təqdim, təbliğ və nəşr etdirmək bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir. N.Vəlixanlı, bu il artıq 16 kitabın nəşr olduğunu da diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin və elminin inkişafında Milli Azərbaycan Tarixi Muzeyinin xidmətlərini xüsusi qeyd edərək yeni nəşrlərin əhəmiyyətindən danışıb. Muzeydə qorunub saxlanılan materialların cəmiyyətə təqdim olunmasını yüksək dəyərləndirən akademik İ.Həbibbəyli yeni nəşrlərin AMEA-nın əməkdaşları və müxtəlif elmi müəssisələri üçün hər zaman dəyərli mənbə olacağını bildirib. Qeyd edib ki, bu elmi nəşrlərin tədqiqatçılara, ictimaiyyətə təqdim olunması mədəniyyətimizin və tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Daha sonra akademik Ş.Mustafayev, t.ü.f.d., dosent F.Əhmədova, t.ü.f.d. C.Bəhramov, s.ü.e.d. S.Dünyamalıyeva, t.ü.f.d. A.Quliyev və t.ü.e.d. T.Dostiyev çıxış edərək təqdim olunan nəşrlər barədə təəssüratlarını və rəylərini bölüşüblər. Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində, təbliğində və ictimaiyyətə çatdırılmasında muzeyin rolunu xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçıları muzeyin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Azərbaycan milli kişi geyimləri”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb. Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.