Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu tərəfindən təsis edilmiş təsir əmsalı (Impact Factor) 0.24 olan beynəlxalq "Нелинейные колебания" (Qeyri-xetti rəqslər) jurnalının redaksiya heyətinin genişləndirilmiş iclası keçirilib.
Tədbirdə jurnalın redaksiya heyətinin dünyanın müxtəlif ölkələrindən olan 17 üzvü iştirak edib.
Akademik A.M.Samoylenko baş redaktoru olduğu jurnal haqqında ətraflı məlumat verib, jurnalın yaxın illərdə fəaliyyətinin daha da gücləndirildiyini qeyd edib.
İclasda jurnala göndərilən məqalələrə qoyulan tələblər, məqalələrin təqdim olunma qaydaları, redaksiya heyəti üzvlərinin vəzifələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə ölkəmizi təmsil edən jurnalın redaksiya heyətinin üzvü, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Ukrayna MEA-nın Riyaziyyat İnstitutu ilə BDU-nun Tətbiqi Riyaziyyat ETİ arasında elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparıb. İclasda “Нелинейные колебания” və Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq jurnalları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, əlaqələrin inkişafı beynəlxalq aləmdə hər iki jurnalın reytinqinin yüksəlməsində mühüm rol oynayacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.